Onlar uzun müddət "Neftçi"də və Azərbaycan millisində komanda yoldaşı olublar. İndi isə "Qarabağ"da baş məşqçi - kapitan münasibətindədirlər. Hər ikisinin klub futbolunda qoyduqları iz öz yerində. Amma onların milli komandada yüksəldikləri zirvə daha əlçatmaz görünür...
Rəşad Sadıqov hegemonluğu
2015-ci il oktyabrın 10-da Rəşad Sadıqov kapitanı olduğu Azərbaycan yığmasında 100 oyun sayını arxada qoydu. Sadıqov bunu Bakı Olimpiya Stadionundakı ilk matçda – 2015-ci il oktyabrın 10-da İtaliya ilə rəsmi oyunda (1:2) gerçəkləşdirdi. Rəşadın bu uğuru diqqətdən kənarda qalmadı. Rekordçu müdafiəçi matçdan öncə AFFA və UEFA tərəfindən mükafatlandırıldı.
Sadıqov əsas yığmada keçirdiyi oyunların sayını artıq 101-ə çatdırıb. "Qarabağ"ın 34 yaşlı müdafiəçisinin millidə karyerasını bitirəcəyi müzakirə mövzusuna çevrilsə də, o, hələ ki çıxışını davam etdirir. Rəşadı millidə kimin əvəzləyəcəyi, mərkəz müdafiəçisi mövqeyində problemlərin olması da müzakirələrə səbəb olub. Təcrübəli oyunçunun təkcə meydanda yox, statistikada da davamçısının kim olacağı şəxsən məndə böyük maraq doğurur. Hər halda, 100 oyuna çatan tək bir futbolçunun olması 24 yaşı olan milli komandamız üçün azdır. Bəs görəsən, perspektivdə kimlər var?
Kamran Ağayevmi?
İzləyicilərin çoxu karyeralarını bitirib. Açığı, siyahıya baxanda vəziyyət heç də ürəkaçan deyil. Çünki Rəşadın ən yaxın izləyicilərinin böyük əksəriyyəti karyeralarını bitirib. Millidə oyun sayında 2-ci olan Aslan Kərimov (80 oyun) yaşıl meydanda çıxışını çoxdan başa vurub. Sadıqovla həmyaşıd olan Mahir Şükürovda (76 oyun, 4 qol) 100-ə çatmaq perspektivi bir müddət öncəyədək real görünürdü. Hər halda, Mahir Berti Foqtsun vaxtında milliyə daim dəvət alırdı. Ancaq Şükürov 1 ildən çoxdur nəinki çağırılmır, heç futbol oynamır. Sonrakı pillələrdə olan Mahmud Qurbanov (75 oyun, 1 qol), Tərlan Əhmədov (75 oyun), Qurban Qurbanov (68 oyun, 14 qol) və Emin Ağayevin (65 oyun, 1 qol) artıq xeyli vaxtdır məşqçiliyə başladıqları məlumdur. İlk "onluğ"u qapayan Vüqar Nadirov (61 oyun, 4 qol), Vaqif Cavadov (58 oyun, 9 qol) və Kamran Ağayevdən (58 oyun, -91 qol) sonuncu daha şanslıdır. Çünki hazırkı baş məşqçi Robert Prosineçki Vüqarla Vaqifi yaxşı formada olmadıqlarına, klublarında az oynadıqlarına görə çağırmır. Kamran isə Prosineçkinin komandasına da dəvətlilər sırasındadır, əsas qapıçı sayılır. Ancaq Ağayev Sadıqovdan az qala oyunların sayının yarısı qədər geridə qalır. Bu həftə 30 illik yubileyini qeyd etmiş Kamranın Rəşada çatmaq üçün bu qədər oyun keçirəcəyi real görünmür.
Rahid Əmirquliyevmi?
İlk "25-liy"ə nəzər salsaq, Ruslan Abışovla Rahid Əmirquliyevin hazırda milliyə cəlb olunduqlarını deyə bilərik. Xüsusən, sabit oyunu ilə diqqət çəkən Əmirquliyev Prosineçkinin yığmasının da liderlərindən biridir. Xorvatiyalı mütəxəssis müdafiənin mərkəzində "Qarabağ"lıları – Rəşad Sadıqovla Bədavi Hüseynovu oynatdığından, 29 yaşlı Abışov ehtiyatda qalır. Rəşadla artıq "Qarabağ"da da komanda yoldaşı olan Rahidin yaşı hələ 27 olduğundan, uzun müddət millidə oynayacağını (təki zədə və digər problemi olmasın) deyə bilərik. Ancaq o, hələ 48 (3 qol), Ruslan 46 oyuna (4 qol) çıxıb.
Göründüyü kimi, yaxın illərdə millimizdə 100-ü keçən 2-ci futbolçu olmayacaq. Rəşad 2001-ci ildə debüt etdiyi millimizdə oyun sayına görə hələ uzun müddət lider olacaq. Üstəlik, hələ yığma karyerasını bitirmədiyindən, oyun sayını özü artıracaq.
Qurban Qurbanov zirvəsi
"Qarabağ"ın hazırkı baş məşqçisi isə yığma karyasını 10 ildən çoxdur başa vurub. Amma millidə onun qədər qol vuran hələ ki, üzə çıxmır. 44 yaşlı mütəxəssisə keçmiş yetirmələri çata bilər. Millimizdə bombardilərin siyahısına baxdıqda, təxminən eyni mənzərənin şahidi oluruq. Bu siyahıda Qurbanovun liderliyi diqqət çəkir. O, vurduğu 14 qolla hələ də 1-ci sırada qalıb. Ən yaxın izləyicisi isə "Qarabağ"da rəhbərliyi altında oynamış Vaqif Cavadovdur. 27 yaşlı hücumçunun hesabında 9 qol var. Vaqif millidə parlaq çıxışı vaxtında qollarını sıraladıqca, Qurbanova çatacağı real görünürdü. Ancaq millidə sonuncu dəfə 2013-cü il oktyabrın 15-də Rusiya yığması ilə "Bakcell Arena"da 1:1 hesabı ilə nəticələnən rəsmi matçda fərqləndi. Cavadov daha nəinki qol vurmur, heç yığmaya da çağırılmır. Belə götürəndə, 5 qol çox deyil və bombardirə çatmağa ən şanslı olan Vaqif yenidən milliyə dəvət olunarsa, öz sözünü deyə bilər.
Hesabında 7 qol olan Rauf Əliyev də yaxşı vaxtlarında şanslı idi. Ancaq 27 yaşlı hücumçu ağır zədə üzündən uzun müddətə sıradan çıxıb və onun yaxın vaxtda milliyə qayıdışı real görünrmür. Daha bir sabiq "Qarabağ"lı – yarımmüdafiəçi Elvin Məmmədovun da hesabında 7 qol var. Prosineçki Vaqiflə Raufdan fərqli olaraq, Elvini milliyə dəvət edir. Məmmədov millimizin son matçı olan Moldova yığması ilə ötən il noyabrın 17-də Bakıdakı yoldaşlıq görüşündə (2:1) hesabın açılmasında böyük pay sahibi olsa da, bu, avtoqol kimi qeydə alınıb.
Beləliklə, millimizdə həm oyun, həm də qol sayında liderlərə çatmağa iddiaçıların olmadığının şahidiyik. Belə gedişlə "Qarabağ"ın kapitanı ilə baş məşqçisi hələ uzun müddət öz rekordlarının əlçatmaz olmaları ilə öyünə biləcəklər.
Mehman SÜLEYMANOV