Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun mərkəzi görüşü "Kəpəz"lə "Qarabağ" arasında keçirilib. Sportnet.az-ın oyunu canlı izləyən əməkdaşının verdiyi məlumata görə, Gəncə şəhər stadionundakı qarşılaşmaya 20 mindən çox tamaşaçı gəlib.
Onların arasında uşaqlar və qadınlar da olub. Fəxri tribunadan isə matçı Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə "Kəpəz"in Müşahidə Şurasının sədri Elmir Vəliyev də izləyib.
Matç kifayət qədər maraqlı və gərgin alınıb. Hesabı 10-cu dəqiqədə Rəşad Sadıqov açıb. Zərbədən sonra yan xətt hakimi bayrağını qaldıraraq, ofsayd olduğunu iddia etsə də, baş hakim Ömər Paşayev qolu qeydə alıb.
"Kəpəz" bərabərlik qolunu 45-ci dəqiqədə vurub. "Kəpəz"də icarədə olan Namiq Ələsgərov müqavilə üzrə məxsus olduğu "Qarabağ"ı məyus edib. Amma o, qoluna sevinməyib.
68-ci dəqiqədə meydanda gərginlik yaranıb. Hava mübarizəsi zamanı "Kəpəz"in üzvü Julien Ebah dirsəklə Rəşad Sadıqovun başına zərbə endirib. Nəticədə Sadıqovun başından qan açılıb. İki komandanın futbolçuları arasında münaqişə hakimlərin müdaxiləsindən sonra aradan qalxıb. Amma Ebah üzr istəmək üçün Sadıqova tərəf yönəldikdə, kapitan ona emosional cavab qaytararaq, üzrxahlığı qəbul etməyib.
Oyunda son nöqtəni isə künc zərbəsindən Əfran İsmayılov vurub. Onun havalandırdığı top birbaşa tora daxil olub.
Beləliklə, "Qarabağ" "Kəpəz"ə öz meydanında bu mövsüm ikinci dəfə məğlubiyyət acısı yaşadıb və 44 xalla liderliyini davam etdirib. 32 xalı olan "Kəpəz" isə ardıcıl 2 ev qələbəsindən sonra məğlub olaraq, 3-cü pilləni əldən vermə təhlükəsi ilə üzləşib.
____________________________________________________________________________________________________________________
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha 2 oyunu keçirilir. Sportnet.az-ın məlumatına görə, ötən günlə müqayisədə, bu dəfə qarşılaşmalar bölgədə oynanılır.
Amma hər iki qarşılaşma ilk oyun günündəkilərdən heç də az əhəmiyyət kəsb etmir. İlk növbədə, ona görə ki, mövsümün ikinci yarısına fırtına kimi başlayan "Kəpəz" lider "Qarabağ"ı qəbul edir. Bu, Gəncə komandasının ardıcıl 3-cü ev matçıdır. Qış fasiləsindən sonra "Qəbələ"yə 3:0, AZAL-a 2:0 hesabı ilə qalib gələn "Kəpəz" bu mövsüm Gəncə şəhər stadionunda yeganə məğlubiyyəti ilk dövrədə elə "Qarabağ"la qarşılaşmada alıb - 2:3. Ağdam təmsilçisi isə əvvəlki 2 matçda AZAL-a məğlubiyyət (0:1) və "Xəzər Lənkəran" üzərində qələbədən (3:0) sonra ən yaxın izləyici "Zirə"dən cəmi 6 xal öndədir. Hazırda 41 xala malik Qurban Qurbanovun komandası yenə uduzsa, Gəncə təmsilçisi ilə xal fərqi 6-ya enəcək.
Bu, həm də iki komandanın yubiley - 40-cı oyunu olacaq. Əvvəlki 39 qarşılaşmadan 14-ü Gəncə, 17-si Ağdam komandasının qələbəsi ilə yekunlaşdığı halda, 8 matçda qalib müəyyənləşməyib. Ammma topların nisbəti "Kəpəz"in xeyrinədir - 51:50. Gəncəlilər 14 oyundur qələbə qazanmır. Ağdamlılar son 9 qarşılaşmada rəqibinə cəmi 1 xal verib, son 3 matçda 3 qol vurub.
Azərbaycan Premyer Liqası, XXI tur
15:00. "Kəpəz” - "Qarabağ” - 1:2
Qollar: Namiq Ələskərov, 45 - Rəşad Sadıqov, 10. Əfran İsmayılov, 83
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Munis Abdullayev.
Gəncə şəhər stadionu.
17:30. "Qəbələ" - "Sumqayıt" - 1:0
Qol: Ermin Zets, 69
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
Qəbələ şəhər stadionu