Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 mərhələsinin oyunları çərçivəsində əsas diqqət İtaliya paytaxtına yönələcək. Sportnet.az-ın məlumatına görə, yerli "Roma” ilə "Real Madrid”in görüşündə əfsanəvi Zinəddin Zidanın Avropanın ən nüfuzlu klub turniridə baş məşqçi kimi debütü baş tutacaq.
"Zizu” Romada yalnız 1 dəfə uduzub
Həmin Zidan ki, futbolçu karyerası vaxtında 1 dəfə ÇL-i qazanıb. O, "Yuventus”la ardıcıl 2 dəfə - 1997 və 1998-ci illərdə finala çıxsa da, komandası Almaniyanın "Borussiya" (Dortmund) klubuna 1:3, "Real Madrid”ə 0:1 hesablı məğlubiyyətlər qələbəyə imkan verməyib. Zinəddin ÇL-in baş mükafatını yalnız 2002-ci ildə hazırkı komandası ilə qazanıb. O, Almaniya "Bayer”ini 2:1 hesabı ilə yendikləri final oyununda möhtəşəm qələbə topu ilə azarkeşlərin yaddaşına həkk olub.
44 yaşlı Zidan futbolçu karyerası ərzində "Roma” ilə 14 dəfə görüşüb. Oyunların balansı onun xeyrinədir – 7 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət. "Zizu”nun rəqibi ilə son görüşü bu gün baş məşqçi kimi komandasını çıxaracağı Roma Olimpiya Stadionunda olub. Həmin matçda 3:0 hesabı ilə qalib gələn (ilk oyunda 4:2) "Real Madrid” "Roma”nı keçib. Zidan bu arenada futbolçu kimi keçirdiyi 7 oyunun 3-də qalib gəlib, 3-də heç-heçə edib və cəmi 1-də uduzub.
Zidanın "Roma”dakı italyan həmkarı Luçano Spaletti isə indiki klubuna əvvəl də bağlı olub. Bu, baş məşqçi kimi olub və deməli, təcrübəli mütəxəssis romalılarla ÇL-ə qayıdışını qeyd edəcək. Maraqlıdır ki, həm Zidan, həm də Spaletti cari mövsümün gedişində komandalarının "sükanı arxası”na keçib. Biri "kral klubu”nda ispaniyalı Rafael Benitesi, digəri "Roma”da fransalı Rudi Qarsiyanı əvəzləyib. Hər 2 əvəzləmə özünü doğrultmaqdadır: "Real Madrid” Zidanla, "Roma” isə Spaletti ilə məğlubiyyət nə olduğunu bilmir.
"Roma” "Real Madrid”i son dəfə məhz Spaletti ilə yenib
Maraqlıdır ki, paytaxt təmsilçilərinin rəsmi səviyyədə son görüşü elə ÇL-də (2007/2008 mövsümündə) və elə bu mərhələdə olub. Daha bir maraqlı fakt odur ki, həmin vaxt "Roma”nı məhz Spaletti çalışdırıb. "Canavarlar” onda "kral klubu”na hər 2 oyunda 2:1 hesabı ilə qalib gələrək mərhələ keçib. "Roma” 2008-ci ildəki bu uğurdan sonra ÇL-də 1/4 finala çıxa bilmir. "Real Madrid” isə ardıcıl 6-cı dəfə turnirdə bu mərhələyə yüksəlmək şansına malikdir.
Ümumiyyətlə, bu komandalar UEFA turnirlərində 8 dəfə görüşüblər. Matçların 4-ü madridlilərin, 3-ü romalıların qələbəsi ilə nəticələnib, daha 1 oyun heç-heçə bitib. Madridlilər üçün uğursuz statistika İtaliyada keçirdikləri son 8 oyunun (4 heç-heçə, 4 məğlubiyyət) heç birində qalib gəlməmələridir.
Totti Zidanı az məyus etməyib
Zidanın böyük pərəstişkarı olduğu, haqqında "Önündə şlyapamı çıxarıram” dediyi 40 yaşlı Françesko Totti hələ də "Roma”da oynayır. Özü də Totti komandaların ilk matçı olan ÇL-in 2001/2002 mövsümündə qrup mərhələsində qol vurub. O, Zidanlı "Real Madrid”lə sonrakı oyunlarda da vurduğu qollarla "canavarlar”a qələbə qazandırıb.
Totti ilə Zidan yığma səviyyəsində də rəqib olub. Bunlardan biri 2000-ci il Avropa, digəri 2006-cı il dünya çempionatının finalı olub. İlk dueldə Zidan çempionluğa sevinibsə, 6 il sonrakı görüş onun üçün çox uğursuz alınıb. Çünki fransızlar uduzublar, Zidan isə rəqibi Marko Materatsiyə vurduğu məşhur "kəllə zərbəsi”nə görə qırmızı vərəqə alaraq meydandan qovulub və futbolçu karyerasını belə pis nöqtədə başa vurub.
Mehman SÜLEYMANOV