"Sumqayıt"ın hücumçusu Amil Yunanovun Sportnet.az-a müsahibəsi
- Qış fasiləsində legioner həyatı yaşamaq variantınla bağlı söhbətlər oldu. Serbiyanın "Radniçki” klubunun səninlə maraqlandığın deyilirdi. Keçid niyə baş tutmadı?
- Onlar mənə bu variant haqda gec dedilər. Artıq bizdə çempionat başlamışdı. Mənin Serbiyaya getməyim düzgün məlumat deyildi. Hələ öz çempionatımızda oynayım. Yayda fikirləşmək olar bu variant barədə. Mənə serbiyalı menecer Boyan İliç təklif göndərmişdi.
- Baxışa getmək, yoxsa konkret müqaviləyə imza atmaq üçün?
- Mənə müqavilə dedi. Serblər mənə anlaşma təklif etmişdilər.
- Gənc yaşında Serbiyanın yüksək liqasında oynamağa özünü nə dərəcədə hazır sayırsan?
- Mənə oyun praktikası lazımdır. Çünki bir müddət oynamadım. Yeni-yeni oynamağa başlayıram. İndi xaricə getməyim düz deyil. Amma baş məqşçimiz mövsümün sonuna kimi şans versə, oynasam, məncə, yaxşı olacaq. Həm də "Sumqayıt”la ilin sonunadək müqaviləm var. Həm klub rəhbərliyinin, həm də baş məşqçi Samir Abasovun məsləhəti mənim üçün önəmlidir. Onlar nə desə, o olacaq.
- Qış fasiləsindən sonra hər 3 oyunda uduzmusunuz. Qol da vura bilmirsiniz, çoxdandır qələbə üzünə həsrətsiniz. Bunun səbəbi nədir?
- Oyunlarda pis təsir bağışlamırıq. Futbolçular canla-başla oynayır. Ancaq nəsə qol vura bilmirik. İnşallah, tez bir zamanda özümüzə gələcəyik. Çünki bizdə yaxşı futbolçular. Hər komandada eniş olur. Ancaq əsas odur ki, tez toparlanmalıyıq.
- Qol vurmaq daha çox hücumçudan tələb olunur. Sən də hücumçu olduğundan, rəqib qapısına yol tapa bilməməyinizin səbəblərini səndən öyrənmək istərdik...
- Biz arxada qalan 2 dövrədə ən çox qol vuran komandalardan biriyik. Qış fasiləsindəki sonrakı hər 3 matçda qol epizodlarımız olub. Ancaq bundan istifadə edə bilməmişik. İnşallah, hər şey yaxşı olacaq. Bizim hücum xətti çox güclüdür və tez bir zamanda özünə gələcək.
- Samir Abasovun gəlişindən sonra əsas heyətdə yer aldın və ikinci dövrənin sonuna yaxın məhsuldarlıq göstərdin – 4 oyuna 6 qol. Amil Yunanov öz susqunluğunu nəylə əlaqələndirərdi?
- Heç nəylə. Sadəcə, hər bir futbolçunun baına belə şeylər gəlir, qol vura bilmir. Hər oyunda imkanlarım olur, ancaq yararlana bilmirəm. Amma çalışıb tez özümə gəlib qollarımı sıralayacağam.
- Son turda "Qəbələ”dəki matçın son dəqiqələrində çox yaxşı qol imkanların oldu, komandanın məğlubiyyətdən xilas edə bilərdin. Yetirməsi olduğun komandaya qarşı oynamaq səndə necə təsir oyatdı?
- Qəbələdəki oyunda qol vurmağı çox istəyirdim. Ancaq alınmadı. Ümumiyyətlə, neçə il formasını geyindiyim komandaya qarşı oynamaq mənə çox xoş idi. "Qəbələ” çox yaxşı komandadır. Orada futbolçu üçün hər cür şərait var.
- Növbəti turda evdə oynayacaqsınız. Sumqayıtda ikinci dövrədə qalib gələ bilməmisiniz...
- Bilirəm. Biz də istəyirik ki, azarkeşlərimiz önündə qələbə qazanaq. İnşallah, AZAL-la qarşıdakı oyunda buna nail olacağıq. Artıq qələbənin vaxtıdır.
- "Qəbələ” ilə oyundan sonra rəhbərlik vəziyyətdən çıxış yolu ilə bağlı futbolçularla görüş keçirdimi?
- Bəli. Rəhbərlik bizə inandığını söylədi. Həmiçə yanımızda olduqlarını deyərək, bizə ürək-dirək verdilər. Bu mövsüm yaxşı yerlərdən birini tutmaq üçün mübarizə aparacağıq. İnanıram ki, istəyimizə nail olacağıq.
Mehman SÜLEYMANOV