"Baxışa getmək Elnurun şəxsi işidir, qarışmıram. Bir zamanlar biz də o yaşda olmuşuq. Amma heç vaxt baxışa getməmişəm". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı "İnter"inin və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.
30 yaşlı qolkiperin fikrincə, vaxtikən çıxış etdiyi "Xəzər Lənkəran" komandasının futbolçusu Elnur Cəfərov İspaniyanın "Ovyedo" klubuna baxışa yox, birbaşa müqavilə bağlamağa getməli idi: "O, millinin heyətində çıxış edən futbolçudur. Birbaşa müqavilə bağlamağa getməlidir. Peşəkar futbolçu kimi bunu belə bilirəm. Bir zamanlar "Xəzər Lənkəran"da çıxış edəndə deyirdim ki, 25 yaşımadək alınsa, legioner olacağam. Böyüdükcə görürsən ki, elə deyil. Çalışıb xaricdə oynamaq, ölkənin adını qaldırmaq, futbolunu irəli aparmaq lazımdır. Hesab edirəm ki, düz addım atıb. Amma birbaşa müqavilə bağlamağa getsəydi, daha yaxşı olardı. Çünki peşəkar olmaq, karyerana hörmətlə yanaşmaq lazımdır".
Qeyd edək ki, Elnur Cəfərov hazırda İspaniya "Sequndasında ön pillələrdə olan "Ovyedo"da həftəsonunadək baxışda olacaq.
Mehman SÜLEYMANOV