"Neftçi” ilə oyunqabağı bilirdik ki, çox ağır matç olacaq. Rəqib turnir cədvəlində aşağıda olmasına baxmayaraq, həmişə yaxşı komanda olub. Çox sevinirik ki, qəbələ qazandıq”. Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ”ın futbolçusu Rahid Əmiqruliyev deyib.
"Neftçi”ni Azərbaycan Premyer Liqasının XXII turunda 2:0 hesabı ilə yendikləri matçdan sonra fikirlərini bölüşən təcrübəli yarımmüdafiəçi oyunlarının tam alınmadığını gizlətməyib: "Oyunumuzda bəzi şeylər alınırdı, bəzi şeyləri rəqib imkan vermirdi. Əsas 3 xal qazanmaq istəyirdik ki, buna da nail olduq. Ola bilər ki, vurduğumuz erkən qol öz sözünü dedi. "Neftçi” buraxdığı qoldan sonra "açıldı” və bizə rahat oldu”.
Qış fasiləsindən sonra ilk dəfə meydana çıxan Əmirquliyev bununla da "Qarabağ”da debüt edib. Ağdamlıların "15 nömrə”si öz oyununu belə dəyərləndirib: "Zədə üzündən bir aydır meydanda olmurdum. Yeni sağalmışam. Tam formada deyiləm. Çalışacağam ki, tam formaya düşərək komandama kömək edim”.
Əmiqruliyev "Qarabağ” - "Neftçi” matçında mərkəzi oyun ab-havası olunduğunu bildirib: "İndiki vəziyyətdə turun mərkəzi oyunudur. Düzdür, əvvəl "Neftçi” – "Xəzər Lənkəran” əsas oyun sayılırdı. Ancaq bildiyiniz kimi, "Xəzər Lənkəran”ın vəziyyəti yaxşı deyil. "Qarabağ”la "Neftçi”nin deulində də həmin derbi ab-havası hiss olunur. Derbi həmişə derbidir”.
Qeyd edək ki, "Qarabağ"a keçənədək "Xəzər Lənkəran"da çıxış etmiş Rahid Əmirquliyev "Neftçi" ilə görüşün 81-ci dəqiqəsində meydana daxil olub.
Mehman SÜLEYMANOV