"Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, ikinci hissədə meydana çıxaraq məhsuldar ötürmə edən legioner ilk olaraq qalib gəldikləri görüş haqda düşüncələrini bölüşüb...
- "Neftçi” son vaxtlar yaxşı oyun göstərir. Biz onları izləyirdik. Çətin matç olacağını bilərək yaxşı hazırlaşmışdıq. Üç xal qazandığımız üçün şadıq.
- Rəqibiniz əvvəlki dövrlərlə müqayisədə necə təsir bağışlayırdı?
- "Neftçi”nin heyət baxımından gənc komandadır. Kənardan göründüyü kimi deyil. Meydanda həqiqi rəqibə çətin anlar yaşadır. Yaxşı oynadılar, yaxşı mübarizə apardılar.
- Ancaq əvvəlki "Neftçi” deyil...
- Yavaş-yavaş əvvəlki "Neftçi” kimi olacaq. Demək olar hamısı gənc futbolçulardır.
- Bəs sən əvvəlki Muarem ola biləcəksən?
- İnşallah. Yavaş-yavaş formaya düşürəm. Bildiyimiz kimi, Türkiyədə çox oynamadım. 5 ayda, sadəcə, 3 matça çıxdım. İnşallah, əvvəlki formama qayıtmaq istəyirəm.
- Oyun praktikanın azlığını hiss edirsənmi?
- Yüz faiz. Bu, normaldır. Futbolçu çox oynamayanda yüz faiz formadan düşür. İnşallah, məşqlərdə çalışaraq əvvəlki formamı bərpa edəcəyimi düşünürəm.
- Çox adam "Qarabağ” – "Neftçi” matçından aqressiv, bol qollu matç gözləyirdi. Ancaq sakit bir oyun oldu...
- Belə olması lazımdır. Qızğın bir matç keçməsinə gərək yoxdur.
- Onu nəzərə alaq ki, Azərbaycanın ən üzdə olan 2 komandasının görüşü idi və çox sakit məcrada keçdi...
- Məncə, yalnız bu yox, hər matçda belə olması lazımdır. Hər 2 komanda intizamlı oynadı, zədəsiz keçdi.
- "Neftçi”yə ilk 2 dövrədə qalib gələ bilməmişdiniz. Baş məşqçi Qurban Qurbanov tərəfindən mütləq qələbə qazanmaqla bağlı sizə xüsusi tapşırıq verilmişdimi?
- Əslində, baş məşqçimiz tərəfindən elə bir tapşırıq olmamışdı. Sadəcə, yaxşı oynadıq və Qurban Qurbanov bizə bunu söylədi.
- İkinci hissədə meydana çıxaraq qol ötürməsi etdin. Növbəti matçlarda əsas heyətdə yer alacağını gözləyirsən?
- İnşallah. Mən hər məşqdə maksimum çalışıram. Keçən həftə məşqdə zədə aldığımdan, "Kəpəz”lə matçda oynamadım. Fərq etməz, baş məşqçi kimə şans verirsə, onun oynaması lazımdır.
- Rəqiblərinizin çoxundan böyük xal fərqiylə ayrılmısınız. Belə demək olar ki, martın ortalarında çempionluğu artıq böyük ölçüdə həll etmiş olacaqsınız?
- Biz onsuz da 1-ci yerdə olmaq üçün çalışırıq. Çempionluq haqda danışmaq biz az tezdir. Hələ çox matçlar var. Üstəlik, ölkə kubokunda da mübarizə var.
- Qarşıda "İnter”lə matç var. Bu oyun haqda nə düşünürsən?
- "İnter” qış fasiləsindən sonra ilk qələbəsini bu tur qazandı. "Kəpəz”lə həmin matçı izlədik. Hər növbəti rəqibimizin matçını hər zaman diqqətdə saxlayırıq. "İnter” yaxşı komandadır. Onlar da turnir cədvəlinin yuxarı pillələrində yer almaq üçün çalışırlar. Çətin matç olacaq, süni örtükdə oynayacağıq. "Qarabağ”da komanda yoldaşım olmuş Vüqar Nadirova qarşı oynamaq da maraqlı olacaq.
- Meydanda Reynaydo ilə yaxşı anlaşırdın. Bəs Armenterosla necə?
- Hər kəs yaxşı anlaşırıq. Bu baxımdan sıxıntımız yoxdur.
Mehman SÜLEYMANOV