"Rusiya ilə ilk oyundakı nəticədən sonra ruhdan düşmədik. Əksinə, ikinci matça ciddi hazırlaşdıq. Çox sevinirik ki, bunun nəticəsini gördük, qələbə qazandıq”. Bunu Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) futbolçusu Fərid Nəbiyev Sportnet.az-a açıqlamasında deyib.
Rusiyalı həmyaşıdları ilə ilk yoxlama matçında (1:5) özünün qazandığı penaltini qola çevirən yarımmüdafiəçi ikinci matçda fərqlənə bilməsə də, yığmamızla birgə qələbəyə sevinib. Nəbiyevin sözlərinə görə, böyükhesablı məğlubiyyətdən yaxşı nəticə çıxarmaları ikinci oyunda həlledici olub: "Komanda olaraq söz vermişdik ki, ikinci oyuna tam ciddi hazırlaşıb, 1:5-in əvəzini çıxmalıyıq. İlk matçdakı nəticədən sonra psixoloji baxımdan çox pis vəziyyətdə idik. Ancaq qısa zamanda toparlana və Azərbaycan xalqını qələbə ilə sevindirə bildik. Ola bilər ki, birinci oyuna bir az arxayın çıxmışdıq. Həm də uşaqlarda həyəcan vardı. Çünki öz meydanımızda ilk dəfədir oynayırdıq. Şükürlər olsun ki, bu dəfə hər şey bizim üçün yaxşı nəticələndi”.
Yığmamızın liderlərindən olan futbolçu oyununa özünün yox, kənardakıların, mütəxəssislərin qiymət verməsini daha məqsədəuyğun sayır. Şərəfini qoruduğu "Qəbələ”nin komandalarında əsasən yarımmüdafiənin mərkəzində çıxış edən Nəbiyev yığmada sol cinahda oynamasına belə aydınlıq gətirib: "Bizdə konkret bir mövqedə oynamaq yoxdur. Fərqli-fərqli mövqelərdə oynamalıyıq və yerimizi dəyişdirə bilirik. Mənin üçün problem yoxdur. Cinahda oynamaq mənə daha rahatdır. Ancaq ortada oynamaqda da çətinlik çəkmirəm”.
U-17-ni qarşıda Ukrayna yığması ilə də ardıcıl yoxlama matçları gözləyir. Nəbiyev həmin hazırlıq oyunlarını qələbə qazanmaqla keçirməyi vacib sayır: "Final mərhələsində Avropanın ən güclü komandaları olacaq. Biz onlara qarşı ən layiqli şəkildə mübarizə aparmaq istəyirik”.
Nəbiyev "Qəbələ”nin U-19 komandasında çıxış etməklə yanaşı, ara-sıra əvəzedici heyətə də cəlb olunaraq məşqlərdə iştirak edir. O, əsas komandaya gedən yolda pillə-pillə irəliləmək istədiyini bildirib: "Futbolçu üçün birbaşa əsas komandaya keçmək elə də yaxşı deyil. Buna pillə-pillə yüksəlmək istəyirəm. Əvəzedici heyətdə oyun tempi çox yüksəkdir, nəinki U-19 və U-17-də. Elə də yüklənmə yoxdur, çatdıra bilirəm. Qarşıda duran ilk məqsədim milli komandamızı layiqincə təmsil etmək, gələcəkdə isə legioner həyatı yaşamağa çalışmaqdır. İnşallah, bu məqsədimə çatmaq istərdim”.
Mehman SÜLEYMANOV