"Özümü qəhrəman adlandırmazdım". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "İnter"lə 1:1 hesablı heç-heçə gətirən qolu vurduğu Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Təcrübəli müdafiəçi oyunun komandası üçün ağır keçdiyini bildirib: "Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. İstədiyimiz hücumları qura bilmir, qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdik. Hərçənd, oyuna nəzarət edən tərəf idik. Elə oldu ki, rəqib də bizi əks-hücumda yaxaladı. İkinci hissədə hücuma atıldıq. Sonda da bərabərlik qolunu vurduq. "İnter"lə səfərdə oynadığımızı nəzərə alaraq, düşünürəm ki, 1 xal da pis nəticə deyil".
Sadıqov hücuma atılaraq, qol vurmasında qeyri-adi bir şey yoxdur: "Baş məşqçi "irəli get" dedi. İtirəsi bir şey yox idi. Ansi Aqollinin gözəl ötürməsindən sonra sadəcə, qapıya zərbə endirdim və qol alındı. Bu, başla ilk qolumdur".
Qeyd edək ki, Rəşad Sadıqov 88-ci dəqiqədə başla vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.