Böyükağa Ağayev: "Milli komandamızda hücumçu görmürəm”
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının bu gün Ukrayna ilə keçirəcəyi yoldaşlıq görüşü öncəsi "Qəbələ"nin seleksiya qrupuna rəhbərlik edən Böyükağa Ağayev Sportnet.az-ın suallarını cavablandırıb. 69 yaşlı mütəxəssis Rusiya ilə əvvəlki iki matçı və komandanın ümumi durumunu dəyərləndirib...
- Yığmamızın ruslarla iki oyununu müqayisə etdikdə əsas fərqi nədə görürsünüz?
- İkinci oyun birincidən çox fərqlidir. Əsas fərq futbolçularımızın məsuliyyəti hiss etmələri ilə bağlıdır. İlk oyunda bu hiss olunmurdu, meydana başqa ab-havada çıxmışdılar.
- Yəni, ilk oyuna ciddi yanaşmamışdılar...
- Bəli. Onda pis başlamamışdılar. Ancaq əks-hücumlar qapımıza qolla nəticələnirdi. Səhvlər çox idi. Bir qolda kapitanımız, mərkəz müdafiəçisi Elçin Əsədov topu arxaya verdi, rəqib topu ələ keçirib qol vurdu. Ancaq həmin kobud xətalar ikinci matçda olmadı. Görünür ki, oyuna ciddi hazırlaşırlar, məsuliyyətləri var.
- Belə çıxır ki, həmin 1:5 hesablı məğlubiyyət yığmamıza yaxşı mənada dərs oldu?
- Əlbəttə. Komandamızın bütün üzvləri bu məğlubuyyətdən nəticə çıxardılar. Bunun da sayəsində meydanda oyun nizam-intizamının olması görünürdü.
- Hazırda U-17-də "Qəbələ”nin 3 futbolçusu – qapıçı Murad Popov, yarımmüdafiəçi Fərid Nəbiyev və hücumçu Cavidan Qasımlı yer alıb. Yaxşı tanıdığınız bu futbolçuların çıxışı sizi nə dərəcədə qane etdi?
- Fəridin ustalığı, fərdi keyfiyyətləri görünür. Yer aldığı sol cinahda aktiv idi. Onu çoxdan izləyirəm. 17 yaşı olsa da, artıq "Qəbələ”nin U-19 komandasında oynayır. Fikrimcə, Fərid gələcəkdə güclü futbol olmalıdır.
- O, "Qəbələ”də yarımmüdafiənin mərkəzində, yığmada isə solda oynayır. Siz Nəbiyevin hansı mövqedə daha faydalı olduğunu düşünürsünüz?
- Fəridin çox oyununu hücumçunun arxasında, oyun qurucusu kimi görmüşəm. Fikrimcə, o, həmin mövqedə daha yaxşı təsir bağışlayır. Ancaq Nəbiyevi yığmada sol cinahda oynatmaq artıq baş məşqçi Təbriz Həsənovun qərarıdır. Cavidan Qasımlının da mövqeyində fərq var. O, bizdə ortada oynayır, özünü yaxşı göstərir. Təbriz Həsənovla söhbətimdə mənə deyib ki, klubda çox yaxşı oyun sərgiləyir, ancaq yığmada bunu göstərə bilmir. Rusiya ilə matçı izləyəndə görürəm ki, Cavidan sırf hücumçu kimi yox, hücumu arxadan başlamaqla oynayır. Bilirsiniz, bu, ayrı səviyyəli oyundur, Azərbaycan liqasından fərqlənir. Rusiya yığması Avropa çempionatında həmişə mükafatlar uğrunda oynayır.
- Ruslara 1:5 hesabı ilə uduzduğumuz matçda qapıda Murad idi, bu dəfə ehtiyatda qaldı. Sizcə, 5 qol buraxmaq Popova psixoloji cəhətdən pis təsir göstərə bilərmi?
- Fikrimcə, yox. Çünki bu, yoldaşlıq görüşüdür və buraxdığı qollarda onun çox səhvi yox idi.
- Təbriz Həsənovu "Qarabağ”da, "Neftçi”də rəhbərliyiniz altında oynadığı dövrdən yaxşı tanıyırsınız. Bu mütəxəssisi Avropa çempionatının final mərhələsində çox çətin sınaq gözləyir. Sizcə, bunun öhdəsindən gələ biləcəkmi və real olaraq nəyə ümid edə bilərik?
- Əlbəttə, bizə çox çətin olacaq. İlk növbədə ona görə ki, mən bu milli komandamızda hücumçu görmürəm. Onu Təbriz Həsənov da deyirdi ki, iki ildir bir hücumçu tapa bilmirəm. Elə bir hücumçu ki, rəqib qapısına təhlükə yarada bilsin. Hərçənd, Azərbaycan komandaları həmişə hücumçuları ilə seçiliblər. Amma belə götürsək, indi belə hücumçu yoxdur.
- Neçə ildir uşaq futbolundasınız. Sizcə, hücumçu problemi nə ilə bağlıdır?
- Dediyim kimi, bizim liqalarla belə oyunlar arasında böyük fərq var. Elə hücumçu tapmaq lazımdır ki, beynəlxalq matçlarda da öz sözünü desin. Bu isə çətin məsələdir. Problemin həlli üçün gərək daha aşağı yaş qruplarından başlayaraq işləyəsən, hücumçulara isə xüsusi diqqət yetirəsən. Bizdə doğrudan da yarımmüdafiəçi, müdafiəçi çoxdur, ancaq yaxşı hücumçu tapa bilmirik. Mərkəz hücumçusu olsun, fərdi oyunu ilə seçilsin, matçın taleyini təkbaşına həll edə bilsin. Bu yaş qrupunda problemdir.
- İstənilən halda, ilk dəfə Azərbaycanda keçiriləcək məsul yarışda ölkəmizi layiqincə təmsil etmək lazımdır...
- Razıyam. Hələ final mərhələsinə 2 ay var. Yenə də axtarmaq lazımdır. Düzdür, bu qısa müddətdə yaxşı hücumçu tapmaq çətindir. Məncə, məşqçilər əllərində olan heyətlə kifayətlənməli olacaqlar. U-17-də olan türkiyəli futbolçuların yoxluğu da özünü göstərir. Onların oyunlarını görüb bəyənmişəm. Xüsusilə dayaq yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu çox xoşuma gəlib. Deyəsən, "Fənərbağça”da oynayır. Final mərhələsində məsuliyyət daha çox olacaq. Qrupun püşkü atılandan sonra rəqiblər təhlil olunacaq və hər matça taktika müəyyənləşəcək. Kimə qarşı necə oynamaq lazımdır, bunu məşqçilər korpusu düşünərək müəyyənləşdirəcək. Rusiya və Ukrayna kimi yığmalarla yoxlama matçları səviyyə fərqini müqayisə etmək baxımından yaxşıdır. Vaxt azlığından, hazırkı heyətdən seçim etmək lazımdır.