"İkinci hissədəki kimi oynasaq nəticə qazana bilərdik. "İnter" kimi komandaya qol vurmaq onsuz da çətindir". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Azərbaycan Premyer Liqasının XXIV turunda "İnter"ə evində 0:1 hesabı ilə bağlı məğlub olan komandanın baş məşqçisi oyundan sonra bunları bildirib: "Cüzi olsa da, ümidimiz kubokadır. Erkən qol vursaq, "Qarabağ"ı keçə bilərik. İkinci hissədəki penalti tələbləri azarkeşlərə məxsusdur. Videoyazıya yenidən baxıb qərar verəcəyik, ancaq bu heç nəyi dəyişməyəcək. Baş hakim epizodun yaxınlığından belə qərar veribsə, biz ona inanmalıyıq. Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik".
S.Abasov komandada böyül dəyişikliklərin olacağını deyib: "Qışda rəhbərliyin qarşısına 12-13 nəfərlik heyət qoymuşduq. Amma rəhbərliyi də başa düşürəm. Bu qədər oyunçu gətirmək çətindir. Buna baxmayaraq, mayda böyük dəyişikliklər olacaq. Bəlkə bu futbolçular digər komandalarda özlərini göstərə bildilər. Vaqif Cavadov anlamalıdır ki, komanda onun üçün yox, o, komanda üçün oynamalıdır. Amma kənardan onun haqda kimlərsə nəsə deyirsə, biz Vaqifi baltalamalı deyilik. Qarşıdakı 12 oyunun 13-də də uduzsaq belə, postumda qalacağam. Klubumuzun Müşahidə Şurasının sədri Muxtar Babayev komandada potensial görürsə, mən bir söz deyə bilmərəm. Hər şey ortadadır".
Baş məşqçi Azərbaycan Kubokunun ilk 1/4 final matçının referisi olan Orxan Məmmədov haqda da maraqlı fikirlər səsləndirib: "Orxanı təhqir etmişəm. Bilmirəm, bizim "Rəvan"la oyuna görə "yanan" hakimi oyunumuza təyin etmək nə dərəcədə düzgündür? O da bizim bəzi futbolçular kimi oyuna rəngi ağarmış halda çıxır. Beləsini söyməyəsən, neyləyəsən?"