1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hər şey rəhbərliyin qərarından asılıdır" - MÜSAHİBƏ
"Zirə"nin kapitanı Rəşad Abdullayev "Qarabağ"a səfərdə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra brifinq keçirib. Sportnet.az təcrübəli yarımmüdafiəçinin müsahibəsini təqdim edir...
- Oyun barədə nə deyə bilərdiniz?
- Ağır oyun oldu. Qalib gələrək, vəziyyətimizi düzəltmək istəyirdik. İlk dəqiqədə buraxdığımız qol uşaqları bir az sındırdı. Sonradan toparlanmağa çalışdıq. İstədiyimiz qol vəziyyətlərini də yarada bildik. Düzdür, əks-hücumda oynayırdıq. Amma uzatma dəqiqələrində qol buraxaraq, uduzduq.
- Hər iki qolun səhvlərinizdən vurulduğu fikri ilə razısınız?
- Əlbəttə. Güclü komandaya qarşı oynayırıq. Rəqib istər-istəməz səhvlər bağışlamır. Belə oyunda maksimum çalışmaq lazımdır ki, səhv olmasın. "Qarabağ" ardıcıl 2 mövsüm Avropa Liqasında oynamış komandadır. Səhvlərimizi bağışlamadılar.
- Sanki buraxdığınız ilk qoldan sonra hücuma keçmək istəmirdiniz...
- Hər şey rəqibdən asılıdır. Hər an hücuma keçməyə çalışırdıq. "Qarabağ” oturuşmuş, biz isə yeni komandayıq. Əlimizdən gələni edir, çalışırdıq ki, irəli çıxaq, qol vəziyyəti yaradaq. Oyunumuzu əks-hücumlarda qurmuşduq.
- Rəqibdən çəkinirdiniz?
- Xeyr, çəkinmirdik. Heç vaxt! Biz hər oyuna çıxanda rəqibdən çəkinmirik. Sadəcə, hörmətlə yanaşırıq. Bura yaxşı nəticə qazanmağa gəlmişdik. Heç-heçəyə və ya uduzmağa gəlməmişdik. Alınmadı.
- Hesabda geri düşəndən sonra əks-hücumda oynamaq istəyirdiniz?
- Xeyr. İkinci hissədə daha fərqli oynadıq. İlk yarıda uşaqlar bir az həyəcanlı idilər. Fasilədən sonra topa nəzarət etməyə başladıq. İstədiyimiz qolu vurmağa çalışır və ona doğru gedirdik. Alınmadı.
- "Qarabağ” yeganə klubdur ki, onlarla oyununuz alınmır...
- Təkcə bizim yox, çox komandanın onlara qarşı oyunu alınmır. Yenə deyirəm: Onlar elə düzülüş qururlar ki, hərəmiz öz mövqeyimizdə fərdi mübarizə aparmalı oluruq. Digər rəqiblərlə başabaş oynayır, hətta qələbə də qazanırıq. Yalnız "Qarabağ"la oyunlarda çətinlik çəkirik.
- Martın 9-da Azərbaycan Kubokunda "Qəbələ” ilə 1/4 final mərhələsinin cavab oyununda, martın 13-də isə Premyer Liqanın növbəti turunda üz-üzə gələcəksiniz. Bu oyunlarla bağlı nə deyə bilərsiniz?
- Qarşıdakı iki oyun bizim üçün ən çətin sınaqlardandır. Yaxşı nəticə göstərmək istəyirdik. "Qarabağ"la matçdan öncə "Qəbələ”nin qələbə qazandığını bilirdik. "Neftçi" ilə matçda heç-heçə olsaydı, bizim üçün daha yaxşı olardı.
- "Qəbələ”nin qalib gəlməsi sizin oyuna təsir göstərdi?
- Yox. Biz o biri komandaların nəticələrinə baxmırıq. Öz oyunumuzu sərgiləyirik. İlk gündən beləyik: öz oyunlarımıza baxırıq. Yaxşı çıxış etsək, istər-istəməz rəqiblər də xal qazanır. Qəbələ səfərinə yaxşı nəticə üçün gedəcəyik.
- Qarşınıza qoyulan məqsəd nədir: Çempionluğa ümidiniz varmı?
- Biz hələ çempionluqdan danışmırıq. İrəli getmək, liderlər qrupunda qalmaq istəyirik. Çünki bura gəlib çatmışıq, əziyyətimizi boşa vermək istəmirik.
- Əksər futbolçularınız ilk "5-liy"i hədəflədiklərini bildirirlər. Bəs sən nə düşünürsən?
- İlk gündən məqsədimiz bu olub ki, yaxşı kollektiv formalaşdıraq, liderlər qrupuna çataq. Əsas məsələ ön pillələrdə qalmaqdır. İkinci pilləyə gəlib çıxmışıqsa, onu da qorumaq lazımdır.
- Bəs Avrokuboklara buraxılmama ehtimalını göz önünə alaraq, əziyyətinizin bəhrəsiz qalacağından qorxmursunuz?
- Əvvəlcə gəlib o yerə çataq, sonra UEFA nə qərar verəcəksə, ona uyğun hərəkət edəcəyik.
- Bu heyətlə qitə miqyaslı yarışlarda nəyə ümid etmək olar?
- Təki gedib ora çıxaq, qalan məsələlər gələcəyin işləridir. Rəhbərlik heyətin gücləndirilməsinə dair nə qərar versə, özləri bilər.
- Səncə, heyətin gücləndirilməsinə ehtiyac var?
- Əlbəttə. Avrokuboklara vəsiqə qazansaq, heyət güclənməli, daha təcrübəli oyunçular olmalıdır ki, o yükü daşısınlar. Hansı mövqelərdə axsayırıqsa, ora da oyunçu alınacaq. Bunların hamısı gələcəyin işidir.
- Siz ev matçlarınızı süni meydançada keçirirsiniz. Amma bu gün təbii ot örtüyü üzərində oynadınız. Bunun nəticəyə təsiri oldumu?
- Əlbəttə, çətindir. Birdən-birə süni meydandan təbii ot örtüyünə çıxanda tam fərqli meydanla qarşılaşırsan. Topla oynayanda çətinlik hiss edirsən. Amma biz futbolçuyuq. Meydanın vəziyyətindən asılı olmayaraq, oynamalıyıq.
- Amma təbii ot örtüyü daha rahatdır?
- Əlbəttə, təbii ot örütüyündə oynamaq daha rahatdır. Hamı istər ki, belə meydanı olsun. Amma Azərbaycanda ot örtüyünə baxmaq problemdir. Ona görə hər şey rəhbərliyin qərarından asılıdır. Yəqin ki, gələcəkdə bu da olar.