
Muarım Muarem "Qarabağ”a qayıdışından sonra qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı makedoniyalı yarımmüdafiəçi qış fasiləsindən sonra çıxışını davam etdiridyi Ağdam klubunda ilk qolunu Premyer Liqanın hesabat turunda "Zirə” ilə ev oyununda vurub. Muarem 2:0 hesabı ilə qalib gəldikləri matçın 4-cü dəqiqəsində hesabı açıb. O, bu komandada sonuncu qolunu ötən çemionatın 31-ci turunda "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri ev matçında vurmuşdu.
Muarem eyni zamanda "Qarabağ”ın rekordunu müəyyənləşdirib. Məsələ ondadır ki, bu, ağdamlıların cari mövsümdə ən erkən qolu olub. Maraqlıdır ki, daha öncəki erkən qol məhz "Zirə” ilə "Azərsun "Arena”dakı oyunda olmuşdu. Bu, 8-ci turda 4:1 hesabı ilə qalib gəldikləri matçın 5-ci dəqiqəsində isveçli hücumçu Samuel Armenterosun hesabı açması idi. Göründüyü kimi, Muarem həmin göstəricini 1 dəqiqə yaxşılaşdırıb.
Xatırladaq ki, Muarem ötən yay "Qarabağ"dan Türkiyənin "Əskişəhərspor" klubuna keçsə də, Superliqa təmsilçisində əsas heyətə düşə bilmədi. O, 2012-ci ildən çıxış etdiyi Ağdam komandasında həm çempion, həm də ölkə kubokunun qalibi olub. Muarem "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk qolunun müəllifi. ilk qələbəsinin əsas memarı olub. Bu, "Dnepr"i Kiyevdə 1:0 hesabı ilə məğlub etdiyimiz matçda olub. Bu, eyni zamanda Azərbaycan klubunun ilk qrup mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
Mehman Süleymanov