Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündə təmir işləri dava etdirilir. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, artıq meydançanın torpaq qatının müəyyən hissəsinin dəyişdirilməsi prosesi həyata keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova fevralın sonlarında başlayan prosesin hazırda davam etdiyini bildirib: "Torpaq qatının dəyişdrilməsinə fevralın sonlarından başlanılıb. Bunun üçün bu günə qədər respublikanın müxtəlif rayonlarından təqribən 15 min kubmetr torpaq gətirilib. Hazırda torpağın dəyişdirilmə işləri davam etdirilir. Növbəti 1-2 həftə ərzində xüsusi texnika ilə torpaq qatının yayılması, düzləşdirilməsi və müvafiq qaydalara əsasən cərgələnməsi işlərinə başlanacaq".
S.Məmmədova bildirib ki, martın 22-dən torpağa ot toxumunun səpilməsinə start veriləcək. Onun sözlərinə görə, iyulun əvvəllərində meydança tam hazır vəziyyətdə olacaq: "Stadionun ot örtüyünün əmələ gəlməsi 40-45 gün vaxt aparır. Bundan əlavə ot örtüyünün tam hazır olması üçün əlavə olaraq bir neçə həftə vaxt tələb olunur".
Nazirlik rəsmisi bildirib ki, stadionun meydançası iyulun əvvəlində hazır olacağından, 5-21 mayda Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarının mərkəzi arenada təşkili nəzərdə tutulmayıb.