"AFFA-nın Apellyasiya Arbitraj Tribunalının yaradılması klubumuz tərəfindən irəli sürülən məsələ idi. Bu məsələni 2014-cü ilin dekabrında Klublar Komitəsində biz irəli sürmüşdük. Üstündən ilyarım keçəndən sonra Konfransda bu qurum yaradıldı". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Onun fikrincə, futbola xidmət etmək üçün AFFA İcraiyyə Komitəsində təmsil olunmaq şərt deyil. T.Nadirov İK-nın yeni üzvlərinə uğurlar arzulayaraq, hamısını dəyərli şəxslər kimi ölkə futboluna töhfələr verəcəklərini vurğulayıb: "Nə əlimizdən gəlirsə, bundan sonra da köməklik göstərəcəyik. Namizədliyimi götürməyimə gəldikdə, həmin klublar məni Klublar Komitəsinin sədri seçmişdilər. Sizcə, mənim İcraiyyə Komitəsinə üzv seçilmə şansım az ola bilərdi? Əlbəttə, söhbət şansın az olmasından getmir. Namizədliyimi götürmə səbəbini klubumuzun saytı vasitəsilə açıqlamışıq. Bundan sonra AFFA-dakı müvafiq qurumun rəhbərliyi ilə də danışığımız oldu. O, Nizamnamədəki bir boşluq idi. "Xəzər Lənkəran"ın bir töhfəsi də o oldu ki, o boşluğu aradan qaldırsınlar və normativ sənəddə düzgün dəyişiklik olsun. Əslində bütün üzvlər yox, Premyer Liqada təmsil olunan klublar səs verirlər. Amma o, öz əksini Nizamnamədə tapmamışdı. Bu sözümüzdən sonra onu da dəyişdirəcəklər".
T.Nadirov namizədliyini "yuxarılar"ın göstərişi ilə geri götürdüyünə dair iddiaları təkzib edib. O bildirib ki, "Xəzər Lənkəran" daim öz addımlarında müstəqil olub və bundan sonra da belə olacaq: "Nə namizədliyimizi irəli sürəndə, nə də geri götürəndə AFFA-nın xəbəri var idi. Sadəcə, klub daxilində belə məsləhət bildik. "Xəzər Lənkəran"ın Azərbaycan futbolunun, idmanının inkişafındakı rolunu hamı bilir. Buna heç kimin şübhəsi yoxdur. Klubumuzun yetirmələrinin bütün yığmalarda təmsil olunmaları elə son 10 ildə ən böyük göstəricisidir. Klubumuzun infrastrukturu bütün tələblərə cavab verir. Hamı bizdən soruşur, nöqsan tuturdu ki, "Xəzər Lənkəran" 12 ildir fəaliyyət göstərməsinə rəğmən, İcraiyyə Komitəsində təmsil olunmur. Biz də namizədliyimizi irəli sürdük".