Azərbaycan Premyer Liqasının bombardirlər siyahısında dəyişiklik baş verib. Sportnet.az-ın məlumatına görə, uzun müddət lider olan "Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda liderliyini əldən verib.
İndi ən sərrast oyunçular siyahısına 10 qolla "Zirə”nin salvadorlu hücumçusu Nelson Bonilya başçılıq edir. Almeyda ilə şərikli lider olmuş 26 yaşlı forvard bu gün "Qəbələ” ilə səfər matçında dubla imza ataraq, həm komandasına səfərdə əzmkar qələbə (2:1) qazandırıb, həm də bombardirlər yarışında vahid lider olub.
Bonilya eyni zamanda ilk mövsümünü keçirdiyi milli çempionatda yeni rekordçu olub. O, Premyer Liqada artıq 3-cü dubluna imza atıb. Cari mövsümdə 2 dəfədən çox dubl edən olmamışdı. Salvadorlu forvard daha öncə "Kəpəz” (2:2) və "Rəvan”la (2:1) ev oyunlarında fərqləndiyindən, ilk dəfə səfər matçında dubl müəllifi olub. O, "Qəbələ” ilə ölkə kubokunun 1/4 final mərhələsinin Zirədəki matçında da fərqləndiyindən, bu komandaya artıq 3-cü qolunu vurur.
İndi Almeyda "Qarabağ”dakı komanda yoldaşı Dani Kintana ilə şərikdir. İspaniyalı yarımmmüdafiəçi bu gün "Sumqayıt"ın qapısına yol tapmaqla, vurduğu qoların sayını 8-ə çatdırıb və 2-3-cü pilləni bölüşdürür.