
AZAL-ın ev oyunlarında "quru seriya”sı qırılıb. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilər” bu il evdə ilk qolunu XXV turda buraxıb.
Həmin qolun müəllifi 3-cü dəfə "Neftçi”yə qayıdaraq, Azərbaycan Premyer Liqasının iştirakçısı olan Nikolas Kanales olub. AZAL sonuncu dəfə öz meydanında noyabrın 11-də XII turun "Kəpəz”lə matçında top buraxmışdı. O vaxt komandanın moldovalı qapıçısı Stanislav Namaşkonu Julien Ebah məyus etmişdi. Maraqlıdır ki, Kanales kmi Ebah da fasilədən dərhal sonra meydana çıxaraq hesabı 1:1 etmişdi. Göründüyü kimi, "təyyarəçilər” Şüvəlanda 127 gündən sonra qol buraxıb.
Ümumiyyətlə, Tərlan Əhmədovun komandası "AZAL Arena”da bu mövsüm cəmi 3 qol buraxıb. Onlardan 2-si isə elə "Neftçi”dən olub. Digər qolun müəllifi Ruslan Qurbanovdur. AZAL cari çempionatın əvvəlində uduzduğu ev oyunlarını Mərdəkanda "Dalğa Arena”da keçirirdi.
Kanales üçün AZAL-la oyunlar adətən uğurlu alınır. Məlum olduğu kimi, çilili hücumçusu "Neftçi”nin milli çempionatlar tarixində 1200-ci qolunun müəllifi olub. O, Premyer Liqada yubiley – 30-cu qolunu ötən il məhz "təyyarəçilər”ə vurub. Ümumiyyətlə, 31 yaşlı forvard ötən çempionatda AZAL-a qarşı 3 oyunda fərqlənib.
Qeyd edək ki, Nikolas Kanales "Neftçi”nin heyətində çempionatda vurduğu 38 qolla Bahodir Nasimovla birgə 5-ci pilləyə şərikdir. O, həmçinin Azərbaycan Kubokunda 4, avrokuboklarda 3 qol vurub.