"Maraqlı, bol qollu oyun keçdi. Hər iki qapıya təzyiqlər vardı. Çünki komandalar hücumameylli idilər. Bu 3 xal bizim üçün qızıl xal kimi idi. Avropanın qapısını döymək istəyiriksə, ən azından məğlub olmamalıydıq". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
O, Azərbaycan Premyer Liqasının XXVI turunda "Neftçi" ilə keçirilən oyundan sonra bunları bildirib: "Geniş heyətimiz olmasa da, meydanda uduzmadıq. İlk hissənin fasiləsində dedim ki, 2:0 hələ qələbə deyil. "Neftçi"yə qarşı 90 dəqiqədən əlavə 4-5 dəqiqə də oynamaq lazımdır. Bu qələbə bütün gəncəlilərə bayram hədiyyəsidir. Mənə elə gəlir ki, bu gün Gəncədə hər kəsin qapısına papaq atdıq və payımızı aldıq. "Neftçi"yə uğurlar arzu edirəm. İnanıram ki, gələcəkdə xal qazanıb "qara zolaq"dan çıxacaq. Demirəm ki, səhvsiz oynadıq. Amma qələbə qazana bildik".
Baş məşqçi hakimlik barədə danışmaq istəməyib: "Fikrimcə, normal idarəçilik oldu. Bu gün hakimin səhvi yox, "Kəpəz"in qələbəsi idi. Komandada oynayan futbolçuların hamısı qələbəni hiss etmir. Yəni özünəinam yoxdur. Bugünkü oyunda da məğlub ola bilərdik. Oyunun sonlarına yaxın qol buraxmağımız psixoloji amillə bağlıdır. Avropada çıxış etmək üçün güclənməyə ehtiyacımız var. Hər mövqedə daha səviyyəli futbolçu olmalıdır. İki cinah müdafiəçimiz var. Bu gün geniş heyətimiz yoxdur. 3 xallıq sistemdə nəsə demək çətindir. Çünki 2-3 oyundan sonra dəyişiklik ola bilər. Bu, o demək deyil ki, biz Avropa Liqasına çıxırıq. Hələ qarşıda 30 xallıq oyun var. Bu da hər şeyi həll edə bilər. Mənim ən böyük arzum avrokuboklarda oynamaqdır. Məşqçi kimi belə turnirdə oynamamışam. Hamıdan çox bunu mən istəyirəm. Penaltilərə baxmıram. Orada bir polis əməkdaşı vardı. Üzündən nur yağırdı. Dedi ki, mənə bax, yaxşı olacaq. Düzdür, ikinci penaltidə məni aldatdı (gülür). Dario hələ tam hazır deyil. İnanıram ki, biz arzuladığımız yerdə olanda o, bizimlə olacaq. "Kəpəz" Namiq Ələsgərovu Azərbaycan futboluna yenidən qaytardı və milliyə futbolçu verdi. Bu da bizim 6 aylıq əziyyətimizin boşa getməməyi deməkdir. Hələ yeni adlar çox eşidəcəksiniz".