
"Kəpəz” az öncə "Bakcell Arena”da tarixi qələbəni qazanıb. Sportnet.az-ın məlumatına görə, Gəncə klubu ilk milli çempionatdan rəqibi olan "Neftçi” üzərində 11 ildən sonra qalib gəlib. Bununla da Şahin Diniyevin yetirmələri 3835 gün davam edən tilsimi rəqibi ilə 10-cu matçında qıra bildi.
Məsələ ondadır ki, gəncəlilər "ağ-qaralar”ı 2005-ci ilin sentyabrın 18-dən bu yana məğlub edə bilmirdilər. Maraqlıdır ki, onda da həmin son qələbə də Şahin Diniyevlə paytaxtda minimal fərqlə qazanılmışdı. Fərq stadionlarda - əvvəlkinin Tofiq Bəhramov adına Respublika stadionunda qazanılmasındadır. Həmin vaxt "Gəncə” adlanan komanda Ağasəlim Mircavadovun yetirmələrinə 2:1, bu dəfə "Kəpəz” olan Gəncə təmsilçisi Vəli Qasımovun yetirmələrini 3:2 hesabı ilə məğlub edib.
Bununla da Qasımov "Neftçi”nin baş məşqçisi postunda ilk məğlubiyyətini ölkə kubokunu da nəzərə alsaq 3-cü matçında yerlilərindən alıb. Axı Vəli müəllim əslən Gəncədəndir. O, "Kəpəz”də oynamasa da, Gəncədə dünyaya gəlib, futbolda ilk addımlarını doğma şəhərində atıb.
"Ağ-qaralar” 21-ci turda fevralın 13-də "Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edəndən sonra Premyer Liqada nəinki evdə, ümumiyyətlə, qələbə üzünə həsrətdir. Bu uğursuz seriya artıq 5 oyundur, 35 gündür davam edir.
"Neftçi” – "Kəpəz” oyunu ilə bağlı daha bir maraqlı məqam qol vuranlarla bağlıdır. Belə ki, meydanda yetərincə legioner olsa da, fərqlənənlərin hamısı yerli oyunçular olub. Bunlar "Neftçi”dən Araz Abdullayevlə Ruslan Qurbanov, "Kəpəz”dən Bəxtiyar Soltanov, Tural Axundov və Şəhriyar Rəhimovdur. Tarixi qələbəni sona 1 dəqiqə qalmış vurduğu qolla gətirən Şəhriyar cari çempionatda ən məhsuldar müdafiəçilərdəndir. Sol cinah müdafiəçisi artıq 4 dəfə fərqlənib. "Kəpəz”in kapitanı olan Tural Axundov da müdafiəçidir. Sağ cinah müdafiəçisi Gəncə klubunda penaltini artıq 2-ci dəfədir dəqiq yerinə yetirir. Ruslan Qurbanov isə "Neftçi”də 11 metrlik cərimə zərbələrindən qol vurmaq üzrə ixtisaslaşıb.