Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-21) daha 2 üzvü qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ”ın yarımmüdafiəçi Mahir Mədətovla "Neftçi”nin müdafiəçisi Rahil Məmmədov U-21-də ilk dəfə fərqləniblər. Onlar Rusiya U-21-i ilə 2:2 hesabı ilə nəticələnən səfər matçında rəqib qapısına yol tapıblar.
Mahir son 3 həftədə artıq 3-cü dəfə fərqlənib. Özü də vurduğu qollar müxtəlif turnirlərə və adətən oyunun ikinci hissəsinə təsadüf edib. Mədətov çıxış etdiyi "Qarabağ”ın heyətində "Sumqayıt”a Azərbaycan kubokunda ev oyununda (2:0) və Premyer Liqada "Qəbələ”yə səfər matçında (2:1) qol vurub. Rahil cari mövsümdə "Neftçi” fərqlənə bilməsə də, bunu yığmada edərək səfər xalı qazandırıb.
Yaşar Vahabzadənin baş məşqçisi olduğu komandada bunadək müdafiəçilər Məqsəd İsayevlə Azər Salahlı, yarımümdafiəçi Elşən Abdullayev və hücumçu Kərim Behnke fərqlənmişdi. Almaniyanın "TSG Neustrelitz” klubunda çıxış edən Kərim məhz Rusiya ilə oyunda (3:0) etdiyi dublla bombardirdir. Ancaq o, şimal qonşularımızla səfər matçında heyətdə yox idi. Digər futbolçular isə hərəyə 1 dəfə fərqləniblər. Göründüyü ki, U-21-in hesabında olan 7 qola 6 futbolçu imza atıb.
Məqsədlə Elşənin "Neftçi”də, Azərin "Qarabağ”da çıxış etdiyini nəzərə alsaq, U-21 qol vuranların bir qayda olaraq bu klubların futbolçuları olduğunu görərik. Salahlı həm də kapitanı olduğu yığmada bütün 8 oyunda meytdana çıxan yeganə futbolçudur.