Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Sportnet.az-a müsahibəsi
- Türkiyədə yoldaşlıq görüşündə Qazaxıstan yığmasına məğlub oldunuz. Oyun haqda nə deyə bilərdiniz?
- Oyunun təzyiqinə əsasən deyə bilərik ki, o qədər də çətin görüş keçmədi. Qapıya vurulan ilk zərbədə müdafiədə boşluq oldu və dəxlisiz qol alındı. Düşünüürəm ki, o topun qapıya getməsinin qarşısını ala bilərdim. Hansı çətin top olursa-olsun, onun qapıya getməsinin qarşısını almağa borcluyuq. Ümumilikdə pis oynadığımızı demək olmaz. İkinci hissədə daha yaxşı çıxış etdik. Sadəcə, standart vəziyyətlərdə uduzrduq. Çünki bizdə futbolçular boyca balaca idilər. Ancaq bir az tez fikirləşib, tez oynasaydıq, nəticə əldə edə bilərdik.
- Bu məğlubiyyətin təsadüfi olduğunu düşünmürsünüz?
- İdmanda təsadüfi nəticə vermək olmur. Ola bilər ki, idmançı təsadüfən məğlub olsun. Amma qələbə təsadüf olmur. Baş məşqçi oyundan əvvəl də bütün oyunçuları yoxlayır. Hansı şəraitdə olmasından asılı olmayaraq, millinin heyətinə zəif oyunçu gəlmir. Heyətdə ən yaxşılar var, amma əvəzolunmaz futbolçu yoxdur. Hər kəs meydançada normal oyun göstərdi.
- Bəzi epizodlarda hesab arasındakı fərq arta bilərdi. Hətta iki dəfə də tir komandamızı qoldan xilas etdi...
- Tir epizodunda isə top aşağıdan gəlsəydi, bəlkə çıxarardım və ya qol olardı. Amma yuxarı getdi deyə tirə dəydi. Göz qabağında olan isə bizim minimal hesablı məğlubiyyətimiz oldu.
- Bir həftəlik təlim-məşq toplanışından sonra bu nəticə ədalətli oldu?
- Uğurlu nəticə qazanmaq üçün bu cür toplanışlar çox olmalıdır. Üstəlik, daha güclü komandalarla oynamaq lazımdır. Çünki seçmə mərhələ və yoldaşlıq oyunları tam fərqlidir. Məsələn, Qazaxıstandan daha güclü komandalarla oynayıb öz gücümüzü göstərməliyik. Gedib Hindistanı udub özümüzü aldatmamalıyıq. Nə vaxta qədər Azərbaycanda nəticə qazanacağıq? Artıq ölkədən kənarda da qələbə qazanmaq lazımdır.
- Baş məşqçinin kapitan sarğısını sənə yox, Bədavi Hüseynova verməsini necə qarşıladın?
- Bu barədə danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, əvvəllər bir neçə oyunda kapitan sarğısı ilə meydana çıxmışam. Səhv etmirəmsə, sonuncu dəfə bu, DÇ-2014 öncəsi ABŞ-la yoldaşlıq görüşündə baş verib.