"Bütün oyunlarda olduğu kimi bu dəfə də bütün fikrimizi qarşıdakı matça yönəltmişik. Qarşılaşmaya ciddi hazırlaşırıq". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Elvin Camalov klub saytına açıqlamasında deyib.
Azərbaycan Premyer Liqasının XXVII turunun AZAL-la keçiriləcək oyun haqda danışan 21 yaşlı futbolçu komandasını səfərdə çətin oyunun gözlədiyini bildirib: "İnanıram ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə komandanın daha yaxşı hazırlaşmasına imkan yaradıb. Səfərdə oynadığımızdan bizi çətin görüş gözləyir. Əvvəlki oyunlarda vacib xallar itirmişik. Bu üzdən vəziyyəti düzəltmək üçün uğurlu seriyaya AZAL üzərində qələbə ilə başlamalıyıq".
Gənc yarımmüdafiəçi bu görüşdə hədəfin yalnız 3 xal olduğunu söyləyib: "Bu rəqiblə dəfələrlə qarşılaşdığımızdan onlara yaxşı bələdik. Kifayət qədər yaxşı komanda ilə üz-üzə gələcəyik. Buna baxmayaraq, tam qüvvəmizlə mübarizə aparıb, qələbə əldə etməyə çalışacağıq. AZAL-la qarşılaşmada meydana 3 xal üçün çıxacağıq. Düşünürəm ki, qalib gəlmək üçün daha istəkli olmağımız lazımdır. Bizi yalnız 3 xal qane edir. Bunun üçün də əlimizdən gələni edəcəyik".








































































