"Zirə"nin bu yerdə olması təsadüfi deyil. Komandanın göstərdiyi oyun və nəticələr ortadadır. Mövsümün əvvəlində kimsə bu klub haqda belə proqnoz versəydi, şübhəli baxılardı. Bakı təmsilçisi güclü rəqibdir". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycan premyer Liqasının XXVII turunda "Zirə" ilə keçiriləcək oyundan danışan Ş.Diniyev bunları bildirib: "Praqmatik futbol oynayırlar, təcrübəli yerli və yaxşı legionerlərdən qurulmuş heyətləri var. Nəinki qələbə qazanmaq, hətta belə komandaya qarşı oynamaq çətindir. Bizi Gəncədə ciddi rəqib və çətin oyun gözləyir".
Son turda "Neftçi"ni səfərdə 2:3 hesabı ilə məğlub edən "Kəpəz" tarixi derbidə 11 illik qələbəsiz oyunlar seriyasına son qoyub. Bu qələbə komandanın turnir cədvəlindəki xal ehtiyatını və mövqeyini yaxşılaşdırmaqla yanaşı, əhval-ruhiyyəyə də müsbət təsir edib: "Bu qələbəni unutmaq lazımdır, bununla yaşamaq olmaz. Bir uğursuz oyun ilə zəfərin üstündən xətt çəkmək olar. Çempionatda məqsədimizin mahiyyətini itirməməliyik. Hər bir komandaya ciddi yanaşmaq lazımdır. Əgər biz özümüz ciddi komanda olmaq, uzaq səfərə çıxmaq istəyiriksə, keçmiş oyunu tez unudub qarşıdakı matça hazırlaşmalıyıq".
Baş məşqçi komandadakı itkilərdən də danışıb: "Tərlan Quliyev və Namiq Ələsgərov əsas millinin, Budaq Nəsirov isə 21 yaşlılardan ibarət yığmanın tərkibində olduğundan məşqlərin hamısında iştirak edə bilməyiblər. İtkilərimiz var. Bura uzun müddətə sıradan çıxan Dario Frederikonu və cəza səbəbindən qarşıdakı görüşü buraxacaq Julien Ebahı da daxil etmək olar".