"Məncə, bəxtimiz gətirmədi. Bundan savayı Qazaxıstanın qapısına iki penalti təyin edilməliydi. Ancaq baş hakim təyin etmədi. Ümumi götürəndə, rəqibdən heç də pis təsir bağışlamadıq. İlk yarıda səhvlərimiz var idi. Amma fasilədən sonra daha yaxşı oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında milli komandanın və "Qəbələ" klubunun üzvü Məhəmməd Mirzəbəyov deyib.
Türkiyənin Antalya bölgəsində Qazaxıstanla keçirilmiş yoldaşlıq oyunu haqda danışan Mirzəbəyov bunları bildirib: "Uğurlu nəticə üçün ilk növbədə bəxtimiz gətirmədi. Bundan savayı son nöqtəni qoya bilmədik. Yaxşı oynayırdıq, qapıya yaxınlaşırdıq, ancaq son zərbəni vura bilmirdik. Rəqibi qiymətləndirməmək və ya hansısa zəif motivasiyadan söhbət belə gedə bilməz. Bu sadəcə olaraq yoxlama görüşü idi. Ancaq Robert Prosineçki bizi qələbəyə kökləmişdi. Özümü yaxşı tərəfdən göstərmək istəyirdik. Növbəti tsikl üçün çox vaxtımız olmadığını da yaxşı bilirdik. Bizim bir neçə yoxlama görüşümüz qalıb. Yüksək motivasiyamıza görə, qazaxların qapısı qarşısında çox sayda qol epizodu yaratdıq. Amma bunu reallaşdıra bilmədik. Reallaşdırmada problemlərimiz var idi".
O, oyundan sonra baş məşqçinin məğlubiyyət üçün heç nə demədiyini söyləyib: "Oyundan sonra Prosineçki bizə önəmli bir şey demədi. Sadəcə səhvlərimizi göstərdi. İkinci hissədə baş məşqçi məni meydana buraxanda, oyunu üzərimə almağı, cinahdan hücumlar qurmağımı tələb etdi. Cinahları gücləndirməli, rəqibin səhv etməsinə məcbur etməliydik. Məğlubiyyət bizi sevindirə bilməz. Ortada nəticə yoxdusa, deməli hər kəs nəyisə düz etməyib".