"Neftçi" klubunun futbolçusu Antonio Quinta ilə bağlı yayılan transfer xəbərləri düşərgə daxilində narahatlıq yaradıb. Sportnet.az-ın məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov şəxsi "Facebook" hesabında qeyd etdiyi fikirlərində ispaniyalı hücumçunun komandaya transfer olma yolunu izah edib.
O bu cür məlumatların həqiqətə uyğun olmadığını bildirib: "Dəyərli həmkarlar, son günlər bəzi idman saytlarında klubumuzun transfer etdiyi futbolçularla bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alır. Bu məsələyə bir balaca aydınlıq gətirmək istəyirəm. Nəzərinizə çatdırıram ki, "Neftçi” PFK-ya transfer ediləcək futbolçularla bağlı məlumat ilkin olaraq klubun "Seleksiya xidməti”nə daxil olur. Daha sonra "Seleksiya xidməti” namizədləri filtrasiya etdikdən sonra oyunçunu idman direktoru, baş məşqçi və köməkçi məşqçilərə təqdim edir. Daha sonra idman direktoru, məşqçilər korpusu və seleksiya xidməti tərəfindən birgə qərar qəbul edilir. Anyetenin "Neftçi”yə transferinə gəlincə. İspaniyalı futbolçu "Neftçi”nin seleksiya xidməti tərəfindən tapılaraq kluba təqdim edilib. Daha sonra idman direktoru və məşqçilər korpusu futbolçunu bəyənib və transfer baş tutub. Bəli, Anyetenin transferində klubun idman direktoru Vəli Qasımovun rolu danılmazdır. Çünki Anyete transfer edilən zaman təbii olaraq bir neçə agent bu keçiddən pul qazanmaq niyyətində idi. Lakin Vəli Qasımov İspaniyadakı şəxsi əlaqələrindən istifadə edərək futbolçunun vasitəçisiz (agent olmadan) "Neftçi”yə keçidində yardımçı oldu. Danışıqlardan sonra Anyete vasitəçi agentlərin təklif etiyindən qat-qat aşağı məbləğə transfer edildi. Və ən vacibi transfer zamanı heç bir vasitəçi agentə bir qəpik də olsun pul ödənilmədi. Ola bilsin bu keçid kimlərinsə arada pul qazanmaq istəyini gözündə qoydu".