
Azərbaycan Premyer Liqasında 10 günlük fasilə başa çatır. Sportnet.az-ın məlumatına görə, 27-ci turun matçları eyni gündə keçiriləcək. Bununla da sabah üçüncü dövrəyə yekun vurulacaq.
Turun mərkəzi oyunu Bakı derbisi olacaq. "Neftçi” "İnter”dən fərlqi olaraq cari mövsümdə mükafatlar uğrunda mübarizə aparmasa da, bu paytaxt təmsilçiləri araısnda matçlar həmişə gərginliyi ilə seçilib. "İnter”in gürcü baş məşqçisi Zaur Svanadze "Neftçi” ilə bu mövsüm oyunlarda gənc həmkarı Samir Əliyevlə görüşüb. Əliyevi əvəzləyən, sonradan isə özü istefa verən Əsgər Abdullayevə "bankirlər”lə üzləşmək nəsib olmadı. İndi Svanadzeni Vəli Qasımovun komandası ilə sınaq gözləyir. "Neftçi” çempionatda 5 turluq qələbə həsrətinə son qoymaq, "İnter” isə 3-cü pillədə mövqeyini möhkəmlətməyə çalışacaq.
İkinci yerdə gedən "Zirə”ni "Kəpəz”lə çətin sınaq gözlədiyindən, Zaur Svanadzenin yetirmələri xal fərqini azalda bilər. Hər halda, "Zirə”nin əsas qol ümidi, çempionatımızın bombardiri olan Nelson Bonilyanın xidmətindən yenə istifadə edə bilməyəcək. Salvadorlu hücumçu ötən tur AZAL-la ev oyununda cəzalı idisə, bu dəfə millisinin rəsmi oyununa çağırıldığından heyətdə yoxdur. "Kəpəz”lə "Zirə” arasında oyunlar hələ ki heç-heçə nəticələndiyindən qalib müəyyənləşməyib.
"İnter”in ən yaxın izləyicisi olan gəncəlilərin xal itkisi 4-cü pillənin də əldən çıxmasına gətirib çıxara bilər. "Kəpəz”in 1 xal qabaqladığı "Qəbələ” AZAL-ın qonağı olacaq. Roman Qriqorçukun yetirmələri son 2 ev oyununda məğlub olduğundan 5-ci pilləyə düşdülər. "Qəbələ”yə 3-cü pillədə mövqeyini qaytarmaq üçün mütləq qələbə qazanmaq lazımdır. AZAL isə avrokuboklara iddiasını saxlamaq üçün 3 xala böyük ehtiyacı var.
Lider "Qarabağ”ı bu turda asan sınaq gözləyir. Hər halda, son rəqib son pillənin sahibi "Rəvan”dır. Bəhmən Həsənovun komandası qış fasiləsindən sonra çempionatda hələ də qalib gələ bilməyib. "Qarabağ”ın ən yaxın izləyicilərinin xal itirmək ehtimalı böyük olduğundan lider bir qədər də aralana, ardıcıl 3-cü çempionluğuna doğru növbəti addımını ata bilər.
Sumqayıtdakı matç isə "qonşular”ın duelidir. "Sumqayıt” "Neftçi” xal fərqini azaltmaq üçün yaxşı imkana malikdir. Hər halda, "Rəvan” kimi də "Xəzər Lənkəran” da bu il Premyer Liqada hələ ki qələbə qazana bilməyib.