"Ehtiram Şahverdiyev diqqət mərkəzimdə olan futbolçudur. Əvəzedicilərin çempionatının bombardiri olan hücumçumuzun əsas komandada oynamaq perspektivi çox yaxşıdır”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. "Qırmızı-qaralar”ın əvəzedici heyətinin hücumçusu Ehtiram Şahverdiyev cari mövsümdə məhsulardığı ilə diqqət çəkir. Belə ki, U-21 yığmasına da cəlb olunan hücumçunun hesabında artıq 20 qol var.
Qrqiqorçuk Şahverdiyevi uzun müddətdir izlədikləri və çox yaxşı tanıdıqlarını bildirib: "Ehtiram bizimlə xeyli məşq edib. O, yenidən hazırlığımıza qatılacaq. Hücumçumuz əvəzedicilərdə çox qol vurur və bu, bizi sevindirir. Şahverdiyevin yaxşı bombardirlik keyfiyyətləri, qol duyumu var. Futbolçu üçün hansı səviyyəli yarış olmasına baxmayaraq, 20 qol vurmaq çox yaxşı göstəricidcir. Bu, elə-belə baş verə bilməz. Üstəlik, Şahverdiyev "Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Bu isə bizim üçün çox vacib amildir”.
Qrqiqorçuk Şahverdiyevin əsas komandada debütünü reallaşdırmaq fikrindədir. Özü də ukraynalı mütəxəssis bunu elə son dövrədə etmək fikrindədir: "Düşünürəm ki, hətta yaxın vaxtda Ehtiramın adını oyunların protokoluna yazacağıq. Bununla da gənc hücumçu meydana çıxmaq imkanı qazanacaq. Qarşıda həlledici oyunlarımız olsa belə, Şahverdiyevin "18-liy”ə düşmək şansı yetərincə realdır. Ümid edirik ki, Ehtiram tezliklə əsas komandaya uyğunlaşıb, burada da öz sözünü deyəcək”.