"Bakı” klubunun təlim-məşq bazasının stadionu 1 ilə yaxındır Premyer Liqa matçlarına həsrət qalıb. Sportnet.az-ın məlumatına görə, bu da "zolaqlılar”ın I divizona düşmələri ilə bağlıdır.
Azərbaycan çempionluğu və ölkə kubokunu qazanan komandanın elə cari mövsümdə elitaya qayıdacağı gözlənilsə də, bunun baş verməsi real görüünmür. Çünki "Bakı” turnir cədvəlinin yuxarı yox, aşağı pillələrində qərarlaşıb. Ona görə də komandanın öz stadionu hələ bir müddət də yüksək liqa oyunlarını qəbul edə bilməyəcək.
Bununla belə, Premyer Liqa klubları "Bakı” stadionuna baş çəkirlər. Məsələ ondadır ki, "Qəbələ” ilə "Kəpəz” növbəti turdakı matçlarına hazırlıqlarını məhz həmin məkanda keçirirlər. Gəncə təmsilçisi bu gün 29-cu turun açılış matçında "Qarabağ”ın qonağı olacaq. "Qəbələ”ni isə sabah "Sumqayıt”la səfər matçı gözləyir. "Bakı”nın bazası Biləcəridə, yəni Bakı-Sumqayıt şossesinin kənarında yerləşdiyindən, "qırmızı-qaralar”a orada hazırlıq keçmək məkan baxımından da münasibdir. Əlbəttə. yaxşı qazon da öz yerində.
Ancaq tək 2 bu komandayla iş bitmir. Təbii ki, "Bakı” öz stadionunda hazırlıq keçir. Onunla I divizionda birgə çıxış edən MOİK də həmin arenada "qonaq olur”. Göründüyü kimi, birdən-birə 4 komanda bir məkanda məşq edirlər. Bir müddət öncə maddi problemlər üzündən baxımsız vəziyyətdə olan "Bakı”nın bazasında indi sıxlıqdır. Komandalar orada məşq etmək üçün az qala növbəyə düzülüblər. Bəlkə də bu, çətin günlərini yaşayan "zolaqlılar” üçün təsəlli ola bilər. Hər halda, "Bakı”nın bazasına gedən yolu klublar unutmayıb.