"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqada AZAL-la oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.
- İlk olaraq qalib gəldiyiniz oyunu şərh edərdiniz...
- Birinci hissədə oyuna nəzarət edirdik. Rəqibin şanslarını sıfıra endirmişdik. AZAL-la bəzi futbolçuların oynamaması işimizə yaradı. İkinci hissədə rəqib meydana daha bir hücumçu buraxmaqla işimizi çətinləşdirdi. Qarşıya qoyduğumuz məqsəd 3 xal qazanmaq idi ki, buna da nail olduq. Rəqibə erkən qol vurmağı qarşımıza vəzifə qoymuşduq. Futbolçular tapşırıqları yerinə yetirdilər. Onlara təşəkkür edirəm. Bizim üçün önəmli olan 3 xal idi.
- "Xəzər Lənkəran"la xalları yenidən bərabərləşdirdiniz. Premyer Liqada qalmaq şansınızı necə dəyərləndirirsiniz?
- Mən komandaya gələndə məqsədimiz son pillədən qurtarmaq idi. Bəzi futbolçuların digər klublara keçməsi işimizi çətinləşdirdi. Sizlərə söz vermişdim ki, turnir cədvəlində ortalarında yer alacağıq. Ancaq dediyim amil üzündən sözümü tuta bilmədim. "Xəzər Lənkəran"a baxmırıq. Mənə öz oyunum maraqlıdır. Araımızdakı xal fərqi aradan qalxıb. Gələcəkdə necə olacağını zaman göstərəcək.
- "Əməkdar məşqçi" adını almısınız. Bunu niyə gizli saxlalmasınız?
- Yox, belə deyil. "Əməkdar məşqçi" adı ilə bağlı sənədləri vermişəm. Buna layiqəm. 30 illik təcrübəyə malikəm. Uşaq futbolunda böyük təcrübəm var. Niyə bizdə çoxlu məşqçi yüksək dərəcəli olmasın? Mənə "Əməjdar məşqçi" adı rəsmən təqdim olunmayıb. Bunu alandan sonra sizləri yığıb göstərəcəyəm. Mən "Əməkdar məşqçi" yox, "Pro" kateqoriyasını almaqda maraqlıyam. Onun dalınca düşmüşəm. Çünki "Əməkdar məşqçi" savad vermir. Futbolda çoxlu yetirməm var. Bir kostyum, bir köynək geyinərək Gənclər və İdman Nazirliyinə gedib "Əməkdar məşqçi" adını alacağam.