Bu gün AFFA-nın inzibati binasında Hakimlər Komitəsinin Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantı keçirilib. Sportnet.az-ın məlumatına görə, toplantıda Komitənin sədri Xaqani Məmmədov, hakimlər və mətbuat nümayəndələri iştirak edib.
İlk olaraq Premyer Liqasının XXXI turunda keçirilmiş "Qarabağ" - "İnter" oyununda baş verən qayda pozuntuları, mübahisəli epizodlar müzakirə edilib və hakimlərin fikirləri öyrənilib. Həmin oyunun baş hakimi Rəvan Həmzəzadə olub.
Ardınca sözügedən turda keçirilmiş "Xəzər Lənkəran" - "Qəbələ", "Neftçi" - "Zirə", "Sumqayıt" - "Kəpəz", "Rəvan" - AZAL, eləcə də Azərbaycan Kubokunun yarımfinalında baş tutmuş "Qarabağ" - "İnter" və "Neftçi" - "Qəbələ" oyunları müzakirə edilib, X.Məmmədov hakimlərə öz tövsiyyələrini verib.









                 





    
    
    
    
    
    
    
    
    






















































