"Bizim üçün oyundan üç xalla ayrılmaq lazım idi. Avroliqa yolunda evdə oynadığımız görüşdə yalnız qələbə qazanmalı idik. Başqa nəticə bizi qane etməyəcəkdi. Yekunda məqsədimizə çatdıq”. Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Junior Martins Azərbaycan Premyer Liqasının XXXII turunda "Rəvan” üzərində 3:2 hesablı qələbə qazandıqları görüşdən sonra deyib.
Juninyo qələbənin komandaya asan başa gəlmədiyini vurğulayıb: "Görüş ərzində səhvlər də buraxdıq. Xüsusən də birinci və ikinci hissənin sonlarında rəqibə oynamaq imkanı yaratdıq. Qonaqlar iki dəfə qapımıza qol da vurdular. Bu da müdafiə xəttində yaranan anlaşılmazlıqdan irəli gəldi. "Rəvan" hesab arasındakı fərqi azaltsa da, biz vacib olan nəticəni qoruya bildik”.
Braziliyalı Legioner fasilədə baş məşqçinin tapşırıqlarının həlledici olduğunu və bunun sayəsində matçdan üç xalla ayrıldıqlarını əlavə edib: "Oyunun əvvəlindən təşəbbüsü ələ aldıq, hətta rəqib qapısına tezliklə qol da vura bildik. Sonradan vəziyyət dəyişdi. Fasilədə Şahin Diniyev necə oynamalı olduğumuz bildirdi. Beləcə ikinci hissədə görüş sanki yenidən başladı, daha inamlı çıxış edib iki qol vurduq və nəticəni xeyrimizə dəyişdik. Oyuna nəzarət əlimizdə idi”.
Qeyd edək ki, "Kəpəz" hazırda 52 xalla 3-cü pillədə qərarlaşıb.