
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov yenidən Azərbaycan kubokunun bombardiri olub. Sportnet.az-ın məlumatına görə, milli komandamızın da üzvü olan futbolçu turnirin cari mövsümündə hesabına 5-ci qolu yazıb. Bu, "Qəbələ" ilə cavab yarımfinal matçında olub.
Əslində, Qurbanov bir müddət öncə də kubokun vahid bombardiri idi. Ancaq "Qəbələ"nin ukraynalı yarımmüdafiəçisi Aleksey Qay turnirdə ardıcıl 3 oyunda fərqlənməklə, ümumilikdə 4 qol vurmaqla Ruslana çatdı. Qayın Qəbələdəki son matçda fərqlənə bilməməsi, üstəlik, komandasının mübarizəni dayandırması "Neftçi"nin gənc hücumçusunun şansını artırıb.
Finala çıxan "Qarabağ"dan isə kubokda ən sərrast oyunçular hərəyə 3 qol vuran ispaniyalı yarımmüdafiəçi Migel Madera ilə isveçli hücumçu Samuel Armenterosdur. Maraqlıdır ki, Madera hər 3 qolunu "İnter"lə yarımfinal matçlarında, Armenteros isə "Sumqayıt"la 1/4 final matçlarında vurub.
Qeyd edək ki, Qurbanov Azərbaycan Premyer Liqasının cari mövsümündə ən məhsuldar yerli futbolçudur. Hesabında 11 qol olan hücumçu liderdən, "Zirə"dən salvadorlu həmkarı Nelson Bonilyadan 3 qol geri qalır.