"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun Premyer Liqada AZAL-la oyundan sonra mətbuat konfransı keçirilib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, mütəxəssis ilk olaraq 3:1 hesabı ilə qlaib gəldikləri matç haqda fikirlərini bölüşüb.
- Oyuna qələbə üçün çıxmışdıq. İstəyirdik ki, AZAL-ı əks-hücumda tutaq, bu da alındı. Yenə tuta bilərdik, amma tutmadıq. Elşən Abdullayevin zədəsi var idi. İkinci hissədə buraxdıq.
- Komandada nəyi dəyişdiniz ki, nəticələr gəlməyə başladı?
- Heç nəyi dəyişməmişik. 7-ci yerdə gedən komanda çətinlik çəkirdi. İnam az idi. Amma qələbəyə istəkləri böyük idi. Birlik ortaya qoyduqdan sonra nəticələr göstərməyə başladıq.
- 5 müdafiəçili oyun sistemi ilə davam etmək fikrindəsiniz?
- 4 müdafiəçi ilə də oynayırıq. Bu, rəqibdən də asılıdır. İlk növbədə, müdafiəni qurmağı, sonra isə hücum barədə düşünməyi qərara aldıq.
- Məhəmməd Qurbanov "qara siyahı"nızdadır? İkinci hissədə meydana daxil oldu. Üstəlik, tez-tez irad bildirirdiniz.
- Ehtiyatda oturanlar bəzən oyuna yaxşı girirlər, bəzən yox. Məhəmməd Qurbanovda bu gün oyuna girməsi yaxşı alınmadı.