Azərbaycan Premyer Liqasında cari mövsümdə 7-ci baş məşqçi istefası olub. Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin ardınca prinsipial rəqibi "Xəzər Lənkəran"da da mövsümün gedişində növbəti istefa baş verib. Yunis Hüseynovu qış fasiləsində əvəzləyən Elbrus Məmmədov da çempionat bitməmiş postundan getməyi qərara alıb. Bunu "Kəpəz"ə evdə 0:3 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında açıqlayan 44 yaşlı mütəxəssis rəhbərliyə istefa ilə bağlı müraciət etdiyini bildirib. Ancaq Məmmədovun istefası hələ ki qəbul edilmədiyindən gedişi rəsmiləşməyib.
"Neftçi"də isə bu mövsüm artıq 3-cü baş məşqçi işləsə də, istefa 4 dəfə olub. Məsələ ondadır ki, komandanın mövsümə rəhbərliyi altında başladığı Samir Əliyevin ilk dövrədə "Qəbələ"yə evdə məğlubiyyətdən (0:1) sonra istefası onda yox, ikinci dövrədə "Rəvan"a "Bakcell Arena"da uduzduqdan (2:3) sonra qəbul olunub. Əliyevi əvəzləyən Əsgər Abdullayev isə həmin stadionda "Qəbələ"yə məğlub olduqdan (1:2) sonra istefa verib və bu, qəbul olunub. Bu mütəxəsisis əvəzləyən Vəli Qasımov hazırda da postundadır.
Cari mövsümdə ilk 6 pillədə olan komandalardan heç birində istefa olmayıb. Bunlar son pillənin sahiblərinə aiddir. "Sumqayıt" hələ ilk dövrədə Aqil Məmmədovla yollarını ayırmalı olub və bu vəzifəni Samir Abasov daşıyır. "Rəvan" da baş məşqçisini ilk dövrədə yola salıb. Emin Quliyevi bu postda bir neçə dəfə olmuş Bəhmən Həəsnov əvəzləyib.