Azərbaycan Kubokunun finalı 2 illik fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdır. Sportnet.az-ın məlumatına görə, "Qarabağ”la "Neftçi” ötən mövsüm turnirin həlledici matçında Qəbələdə görüşmüşdülərsə, bu dəfə mərkəzi arenada rəqib olacaqlar.
Bununla da komandaların kubokda ilk dəfə üzləşdikləri stadionda yolları yenidən kəsişəcək. 1996-cı mayın 28-də "Tofiq Bəhramov”da keçirilən həmin matç "Neftçi”nin böyükhesablı qələbəsi ilə nəticələnib – 3:0. Qolların müəllifləri Vidadi Rzayev və dubl edən Yunis Hüseynov olub.
Ümumiyyətlə, indiyədək keçirilən 22 finaldan yalnız 4-ü Respublika stadionunda olmayıb. Bunlar 2001-ci ildə "Şəfa” – "Neftçi” (2:1, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu), 2006-cı ildə "Qarabağ” – "Karvan” (2:1, Bakıda "Şəfa” stadionu), 2012-ci ildə "Bakı” – "Neftçi” (2:0, Bakıda "Dalğa Arena” stadionu) və 2015-ci ildə "Qarabağ” – "Neftçi” (3:1, Qəbələ şəhər stadionu) finallarıdır.
"Neftçi” mərkəzi arenada 6, "Qarabağ" 5 final oynayıb. Bunlardan 1-i öz görüşləri olub. Ağdam təmsilçisi 1993 və 2009-cu illərdəki finalda qalib olub. Hər ikisində rəqiblərini – müvafiq olaraq Sabirabadın "İnşaatçı” və Bakının "İnter” klublarını 1:0 hesabı ilə məğlub edib. Özü də "Qarabağ” "Tofiq Bəhramov”da ilk finalında, ilk kuboku qazananda qələbəni əlavə vaxtda gerçəkləşdirib. Həmin tarixi qolun müəllifi hazırda məşqçisi olan Müşfiq Hüseynov olub. "Qarabağ”a Respublika stadionunda 2-ci kuboku isə keçmiş hücumçusu Vaqif Cavadov vurduğu qolla qazandırıb. Ağdam klubunun "Tofiq Bəhramov”da finalda 2 məğlubiyyəti "Kəpəz” olub. Bunlar 1998-ci ildə 0:2, 2000-ci ildə 1:2 hesablı matçlardır. Sonuncuda "Qarabağ"ın qolunun müəllifi hücumçu Bəhram Şahqulliyev olub.
"Neftçi” üşünsə Respublika stadionu birmənalı olaraq düşərlidir. Çünki komanda bu arenada keçirdiyi 6 finalın hamısında qalib olub. Bunlar "Qarabağ”la yanaşı, 1994-cü ildə "Kür-Nur”a (1:0, Yunis Hüseynov), 1999-cu (0:0, oyunsonrası penaltilərdə 5:4) və 2004-cü illərdə (əlavə vaxtda 1:0, Samir Abasov) "Şəmkir”ə, 2013-cü ildə "Xəzər Lənkəran”a (0:0, oyunsonrası penaltilərdə 5:3), 2014-cü ildə "Qəbələ”yə (1:1, Samir Məsimov, oyunsonrası penaltilərdə 3:2) qalib gəldiyi matçlardır. Maraqlıdır ki, "Neftçi”nin uduzduğu finallar "Tofiq Bəhramov”dan kənarda olanlardır.
Göründüyü kimi, statistika "Neftçi”nin "Tofiq Bəhramov”dakı finalın qalibi olacağından xəbər verir. "Qarabağ” qələbə qazanarsa, 1992-ci ildən keçirilən Azərbaycan Kubokunun tarixindəki möhtəşəm seriyanı qıracaq.