AFFA beynəlxalq dərəcəli hakim Orxan Məmmədovun 10 aylıq oğlunun müalicə xərclərinin müəyyən qismini öz üzərinə götürüb. Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib.
Onun sözlərinə görə, təşəbbüs baş katib Elxan Məmmədovdan gəlib: "Elxan müəllim ilk olaraq mənimlə danışdı. O, məsələdən tam məlumatlı olduqdan sonra müalicə xərclərinin müəyyən qismini AFFA-nın çəkəcəyini bildirdi. Hakimlər, tanımadığımız çoxlu sayda şəxslər də kömək edir. Bilirik ki, hesab açılıb və bu hesaba pul köçürmələri olur".
Qeyd edək ki, Orxan Məmmədovun 10 aylıq oğlu Nemət Məmmədov beynin normal inkişafının pozulmasından əziyyət çəkir. 4 dəfə Bakıda əməliyyat olunan körpə artıq xaricdə müalicə almalıdır. Onun beyninə su yığılır. Azərbaycanda həkimlər körpənin yaşamayacağı diaqnozunu qoyublar. Nemət yaşaması üçün Moskvada əvvəlcə endoskopiya olunmalı, sonra isə onun müalicəsi davam etdirilməlidir. Lakin valideynlərinin buna imkanı çatmır.