Hollandiyanın U-17 yığmasının baş məşqçisi Kees Van Vonderen 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının yarımfinal mərhələsində Portuqaliya ilə qaşrılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Komandanız Portuqaliyaya 0:2 hesabı ilə uduzmaqla Bakıda final oynamaq şansını itirdi. Məğlubiyyətin səbəbini nədə görürsüz?
- Bizim üçün çətin oyun idi. Matçın ilk 10 dəqiqəsində yaxşı oynadıq. Amma sonradan Portuqaliya üstünlüyü ələ aldı. Rəqib gücünü göstərdi. Portuqaliya yığması çox güclü rəqibdir.
- Futbolçularınızın oyunundan razı qaldınız?
- Bəli, razıyam. Komandam əlindən gələni etdi. Amma təəssüf ki, məğlubiyyətdən qaçmaq mümkün olmadı.
- Sona yaxın bir epizodda futbolçularınız təkidlə hakimdən penalti tələb edirdilər. Həqiqətən hakim həmin epiozdda Hollandiya yığması qarşı haqsızlıq etdi?
- Bu barədə dəqiq söz deyə bilmərəm. Çünki oturduğum yerdən epizodu görmək çətin idi. Amma bu, elə də əhəmiyyət daşımırdı. Çünki Portuqaliya güclü idi.
- Finala yüksələn Portuqaliya yığması hələ də qapısında qol görməyib. Buna səbəb nədir: komandanın müdafiə xətti güclüdür, yoxsa rəqiblərin hücum xətti zəifdir?
- Portuqaliya yığması yarımfinala qədər o qədər də güclü olmayan komandalarla qarşılaşdı. Amma bunu deməklə onların əməyinə kölgə salmaq fikrində deyiləm. Portuqaliyanın müdafiə xətti güclüdür. Oyunçuların fərdi ustalıq səviyyəsi də yüksəkdir.
- Azərbaycanı hansı təəssüratlarla tərk edəcəksiniz?
- Təəssüratlarım çox yaxşıdır. Azərbaycan, paytaxt Bakı şəhəri çox gözəldir. Buradakı insanları, məşq meydançalarını, stadionları, komandalar üçün yaradılan şəraiti çox bəyəndim. Bir gün yenidən Bakıya qayıtmaq istərdim