Nəinki Avropanın, dünyanın ən zəif futbol yığmalarından sayılan San-Marino. Nə yaxşı ki sən varsan. Nə yaxşı ki sən Avropanın bir sıra milli komandalarını sevindirirsən, ən əsası, onların tarixlərinə düşürsən. Artıq Xorvatiya milli komandasının da tarixinə qızıl hərflərlə düşdün. Xorvatlar ötən gecə sənin qapına 10 cavabsız qol vurmaqla ən böyükhesablı qələbəsini qazandı. Həmin Xorvatiya millisi ki, yığmamız sonuncu ən ağır məğlubiyyətini ötən seçmə mərhələdə məhz ondan aldı - 0:6. Azərbaycanı Osiyekdə, San Marino Riyekada darmadağın edən amansız xorvatlar.
0:10 hesablı məğlubiyyətdən söz düşəndə, istər-istəməz "Oser faciəsi" yada salarıq. Azərbaycan millisini ən yaxşı futbolçulara sahib olduğu bir vaxtda belə bir ağır yenilgidən qaça bilmədi. 1995-ci ilin sentyabrın 6-da Fransa yığmasına Oser şəhərində 0:10 hesabı ilə uduzduğumuz həmin rəsmi oyun bizim üçün qara tarix olaraq qalır. Bu, Azərbaycan yığmasının 24 illik tarixində ən böyükhesablı məğlubiyyətidirsə, həmin nəticə böyük tarixi olan Fransa yığması üçün hələ də ən böyükhesablı qələbə olaraq qalır.
Ancaq San-Marinonun nəticələrinə baxanda, biz şükürlüyük. FİFA və UEFA-nın reytinqlərində ən son pillərdə olan bu yığma indiyədək nə qədər milli komandanı xoşbəxt edib. Əvvəla, onun ən ağır yenilisi 0:10 yox, 0:13-dür. Bu, 10 il öncə Almaniya yığması ilə rəsmi oyunda qeydə alınıb. Özü də ən acınacaqlısı odur ki, bu, San-Marinoda olub. Ən əsası, tarixə fikir verin - 6 sentyabr. Azərbaycan milli komandası da ən ağır hesablı məğlubiyyətini məhz həmin gün alıb. Fərq illərdədi - biri 1995, digəri 2006.
Gəlin, San-Marinonun tarixinə düşdüyü yığmalarla oyunlardakı nəticələrə baxaq. Hər şey Avro-1996-nın seçmə mərhələsində Rusiya yığmasına 0:7 hesablı məğlubiyyətlə başlayıb. Bu, SSRİ dağıldıqdan sonra rusların ən böyükhesablı qələbəsi olub. Elə həmin seçmə mərhələdə digər "cırtdan" yığma, Farer adaları ona böyükhesabla qalib gəlib - 3:0. Bu, Avropanın ən zəif yığmalarından sayılan farerlilərin indiyədək ən böyükhesablı qələbəsidir.
DÇ-2002-də Belçika San-Marinoya 10:1 hesabı iə qalib gəlməklə tarix yazıb. Avro-2012-də Hollandiya San-Marino 11:0 hesabı ilə məğlub etməklə diqqət mərkəzinə düşüb. DÇ-2014-də isə birdən-birə 2 yığma tarixi qələbələr əldə edib - Çernoqoriya 6:0, Ukrayna 9:0.
İlk baxışdan nə qədər qəribə görünsə də, San-Marino yığması üçün ürəkaçan statistik məqamlar da var. Özü də bu, bizim üçün qardaş Türkiyə yığması ilə oyunlara təsadüf edib. Söhbət DÇ-1994-ün seçmə mərhələ oyunlarından gedir ki, həmin vaxt Azərbaycan yığması mövcud olsa da, seçmə mərhələlərdə hələ ki çıxış etmirdi. San-Marino Türkiyəyə səfərdə 1:4 hesanə ilə uduzduğu matçda seçmə mərhələlərdə ilk qoluna imza atıb. Onun müəllifi Nikola Baççokki olub. "Cırtdanlar" bu rəqiblə ev oyununda 0:0 hesablı heç-heçə sayəsində isə seçmə mərhələdə ilk xalını qazanıb.
Qol vurmaqda böyük çətinliklə üzləşən San-Marino yığması dünya çempionatının seçmə mərhələləri tarixində ən erkən qol vurması ilə öyünə bilər. Özü də kimə-kimə, İngiltərə kimi güclü yığmaya. David Qualtyeri start fitindən 8,3 saniyə sonra ingilislərin qapısına yol taparaq hesabı açıb. Düzdür, bu qol sonradan onlara baha başa gəlib - 1:7.
Azərbaycan milli komandası hələ ki San-Marino yığması ilə görüşməyib. Bu, ilk dəfə qarşıdakı seçmə mərhələdə olacaq. Özü də DÇ-2018-yə startımız məhz san-marinolularla səfər matçında olacaq. Bu ilin sentyabrın 4-də keçiriləcək həmin oyuna böyük ümidlərlə baxırıq. Nəhayət, seçmə mərhələyə qələbəylə start götürmək istəyirik. Anca təkcə bununla kifayətlənmək olmaz, tarixi qələbə qazanmaq lazımdır. Axı milli komandamızın rəsmi oyunlarda səfərdə hələ də böyük hesabla qələbəsi yoxdur. Seçmə mərhələdə sonuncu böyükhesablı qələbəmiz də "cırtdan" yığma - Lixtenşteyn üzərində olub. Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda qazanılan həmin 4:0 hesablı qələbədən isə artıq 17 il ötür. Bizləri də sevindir, ay "cırtdan"...