"Belə gözəl şəhərdə olmaqda çox şadam. Oyun çox çətin olacaq. Nə baş verəcəyini özünüz görəcəksiniz". Sportnet.az-ın məlumatına görə, bunu Moldova "Daçiya"sının baş məşqçisi Oleq Bejenar "Kəpəz"lə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb...
- "Kəpəz" haqda nə bilirsiniz?
- Biz rəqibin bir neçə oyununa baxmışıq. Rəqib fiziki cəhətdən
- Siz hansı oyunları izləmisiniz?
- Çempionatdakı oyunlara baxmışam. Bilirəm ki, minimum 3 oyunçu dəyişikliyi baş verib. Son təlim-məşq toplanışındakı "Bakı" ilə oyunu nümayəndəmiz izləyib. Rəqib həvəskar komanda təsiri bağışlayırdı.
- Hədəfiniz nədir?
- Biz bütün oyunlarda qələbə üçün çıxış edirik. Klub prezidentimizi qələbədən başqa heç nə qane etmir. Sabahkı oyunda nəticədən asılı olmayaraq, növbəti mərhələyə vəsiqənin taleyi cavab görüşündə məlum olacaq.
- Azərbaycanda çıxış etmiş Vadim Borets, Aleksey Savinovdan məlumat toplamısınız?
- Onlardan yox, başqa futbolçudan məlumat almışıq. Amma adını çəkməmişik.
- Xarici görünüşcə qafqazlıya bənzəyirsiniz...
- Xeyr, təəssüf ki, qafqazlı köklərim yoxdur. Təmiz moldovanam. Bolqar, ukraynalı köklərim var.
- Start heyəti açıqlaya bilərsiniz?
- Heyəti müəyyənləşdirmişəm. Amma açıqlaya bilmərəm. Rəqibdən çəkinmirəm, rəqib bizdən çəkinsin. Heyəti sabah özünüz görəcəksiniz.
- Stadionu gördükdə sizdə Azərbaycan futbolu haqda hansı fikirlər formalaşdı?
- Gördüklərimdən təəccüblənmədim. Azərbaycan inkişaf edir. O cümlədən, futbolu da.