Maltada "Baltsan" və Neftçi" arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanı CBC İnt telekanalı ekranlara gətirəcək.
"Neftçi"nin yaydığı rəsmi açıqlamada bildirilir: "Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimindən dərhal sonra "Baltsan” – "Neftçi” matçının Azərbaycanda canlı yayımlanması istiqamətində iki klub arasında danışıqlara başlanılmışdı. Dünənə qədər Malta tərəfi "Baltsan” – "Neftçi” matçının, ümumiyyətlə, televiziya vasitəsilə yayımlanmayacağını bildirirdi. Dünən axşam saatlarında isə "Baltsan” klubu tərəfindən matçın yerli TVM-2 telekanalında yayımlanacağı açıqlandı. Bundan dərhal sonra "Neftçi” adıçəkilən telekanalla danışıqlara başladı. Dünəndən davam edən danışıqlar bir neçə saat bundan əvvəl müsbət nəticələndi və "Neftçi” TVM-2 telekanalı ilə müqavilə imzalayaraq, matçın Azərbaycanda yayımlanmasının maliyyə tərəflərini öz üzərinə götürdü. Eyni zamanda, CBC telekanalına qarşılaşmanın canlı yayımlanması üçün göstərdiyi peşəkar operativ texniki dəstəyə görə təşəkkürümüzü bildiririk".









































































