1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"ə mesajım: Şahin Diniyevin 50 illik yubileyi üçün qazanın!
Azərbaycanın ən titullu klublarından olan "Kəpəz". Nə uğuru varsa, 90-ci illərdə qazanıb, avrokuboklarda iştirakı da həmin vaxt gerçəkləşib. Elə ki XXI əsr gəldi, bu klubun "başının üstünü qara buludlar" aldı.
Nəhayət, ötən il "Kəpəz" Premyer Liqaya döndü və qayıdışında avrokuboklara çıxdı. Ancaq bu, Gəncə klubunun debüt etdiyi UEFA kuboku yox, 2009-cu ildən adını daşıdığı Avropa Liqasıdır.
Tunirin ilk təsnifat mərhələsində Moldovanın "Daçiya" klubuna rəqib olan Şahin Diniyevin komandası qolsuz bərabərlik etdi. Evdə qalib gəlmək mümkün olmasa da, hər halda, məğlubiyyət də olmadı, ən əsası, öz meydanında qol buraxılmadı. Deməli, biz səfərdə qol vursaq, rəqib bunun əvəzini çıxmaq üçün ikisini vurmalı olacaq. Bir sözlə, qollu heç-heçə ilə də ikinci təsnifat mərhələsinin iştirakçısı olmağımız mümkündür.
Təbii ki, hər birimiz təkcə "Kəpəz"in yox, avrokuboklarda bütün iştirakçılarımızın qələbəsini arzulayırıq. Ancaq indiki məqamda Şahin Diniyevin komandasını daha çox diqqətdə saxlamağımız ən azı ona görədir ki, "Neftçi" ilə "Qəbələ" mərhələ keçmək vəzifəsini elə ilk oyundaca qazandıqları inamlı qələbələrlə yerinə yetirdilər. Gəncə təmsilçisinin növbəti mərhələyə keçməsini bir çox amillərə görə çox istəyirəm. Əvvəla, "Kəpəz" hələ ki mərhələ keçə bilməyib və buna nail olarsa, ilkə imza atacaq. İkincisi, moldovalıların cavabını vermək lazımdır. Bu ölkənin təmsilçiləri uzun illər bizə avrokuboklarda qənim kəsiliblər və yalnız son görüşümüzdə "İnter" "Tiraspol"u hər 2 oyunda qalib gəlməklə keçdi.
Həm də ona görə moldovalıların cavablarını vermək lazımdır ki, "Kəpəz"lə oyun başlamamışdan təxribata əl atdılar. Əvvəlcə "Daçiya"nın rəsmi saytı matç keçirilən Mərdəkana Mardakyan yazmaqla oranı Ermənistan soyadına bənzətdi. Sonra klubun prezidenti ola-ola baş məşqçi kimi texniki zonada olan Adlan Şişxanov oyunun gedişində Diniyevlərlə - ata Şahin müəllim və oğlu Kərimlə insidentə girişdi, onları "Moldovaya gələrsiniz, görərsiniz" deməklə hədələdi. "Kəpəz" Moldovaya çatandan sonra isə "Daçiya" rəhbərliyi mətbuat konfransınına yerini və vaxtını dəyişdirməklə cığallıq etdi. Bütün bunlardan sonra rəqibi dərsini mütləq vermək lazımdır. Bunun isə ən yaxşı yolu meydanda qazanılan uğurlu nəticədir.
Ən nəhayət, "Kəpəz" qələbəni baş məşqçisinə görə qazanmalıdır. Axı klubun özü kimi çalışdırıcısı da avrokuboklarda mərhələ keçməyib. Özü də Diniyev qitəmiqyaslı turnirlərdə məhz "Daçiya" ilə sınaqda debüt edib. Tale elə gətirdi ki, bu olay onun 50 illik yubileyi ərəfəsinə təsadüf etdi. Bəli, Şahin müəllim növbəti həftə, daha dəqiq desək, iyulun 12-də əsri yarılayacaq. Avropa Liqasında ikinci təsnifat mərhələsi oyunları məhz növbəti həftədir və "Kəpəz" onun iştirakçısı olarsa, Diniyev 50 illiyini yüksək əhval-ruhiyyədə qeyd edəcək. Əks təqdirdə Şahin müəllim yubileyini avrokuboklarda mübarizəni dayandıraraq keçirməli olacaq. Bunun olmaması üçünsə "Kəpəz"li futbolçular bu gün uğurlu nəticə ilə həm baş məşqçilərinə yubiley hədiyyəsi etməli, həm də şərəfino qoruduqları klub üçün tarixi nəticə qazanmalıdırlar. Təbii ki, Azərbaycanı layiqincə təmsil də etmək öz yerində.
Elə isə bütün gücümüzü toplayaq, qələbəyə köklənək və mərhələ keçək. Bu işdə sənə uğurlar olsun, "Kəpəz"!
Mehman Süleymanov