
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Zalsburq"un Avstriya Bundesliqasındakı növbəti oyununu canlı izləmək fikrindən daşınıb. Bu barədə Sportnet.az-a 32 yaşlı mütəxəssisin özü məlumat verib.
Qurbanov "Zalsburq"un Bundesliqanın 2-ci turunda "Noyştadt"la iyulun 26-da nəzərdə tutulan səfər qarşılaşmasına köməkçisi Elçin Rəhmanovu göndərəcəyini bildirib. Baş məşqçi özünün getməməsini belə əsaslandırıb: "Düşündüm ki, Vyanaya gedib qayıtmağım 2 gün vaxt aparacaq. Bu isə komandamızın hazırlıq prosesinə təsir göstərə bilər. Ona görə də özüm "Qarabağ"la birgə olmağı, Avstriya paytaxtına isə köməkçimi göndərməyi qərara aldım".
Qeyd edək ki, "Qarabağ"ın "Zalsburq"la ilk görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə avqustun 6-da "Red Bull Arena"da olacaq.