Sabah Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Sportnet.az-ın məlumatına görə, ölkəmizin turnirdə yeganə təmsilçisi olan "Qarabağ" çox vacib matça çıxacaq. Bu, pley-offa vəsiqə uğrunda Çexiyanın "Viktoriya" klubu ilə cavab qarşılaşmasıdır.
Plzendə keçirilən matçda qolsuz bərabərliyə qalan Qurban Qurbanovun komandası tarixi uğura imza atmaq üçün çox yaxşı şansa malikdir. Çünki "Qarabağ"ı istənilən hesablı qələbəsi Azərbaycan futbol tarixində ilk dəfə - ÇL-in pley-off mərhələsində təmsil olunmasına imkan yaradacaq. Ancaq digər tərəfdən, istənilən qollu heç-heçə rəqibin xeyrinədir.
"Qarabağ" ardıcıl 3-cü mövsümdür çıxış etdiyi ÇL-də III təsnifat mərhələsində bunadək "Zalsburq" (Avstriya) və "Seltik"i (Şotlandiya) keçə bilməyib. Hər 2 halda cavab matçında qələbə qazanmaq mümkün olmayıb - Zalsbuqrda 0:2, Bakıda 0:0. Göründüyü kimi, Ağdam təmsilçisi bu mərhələnin cavab matçında hələ ki qol da vura bilməyib.
İndiyədək "Qarabağ"la yanaşı, "Bakı" və "Neftçi" də ÇL-də III təsnifat mərhələsinin iştirakçısı oub. "Bakı" 2009-cu ildə evdə qolsuz bərabərliyə qaldığı "Levski"yə Sofiyada 0:2 hesabı ilə uduzaraq mübarizədən kənarda qalıb. Bundan 3 il sonra "Neftçi" İsraildə "Hapoel"ə (Kiryat-Şmona) 0:4 hesabı ilə uduzaraq cavab matçını formallığıa çevirib. "Dalğa Arena"da keçirilən təkrar oyun 2:2 hesablı bərabərliklə nəticələnib. İndi Azərbaycan 5-ci cəhdində ÇL-in pley-off mərhələsinin qapısını üzünə açmağa çalışacaq.