Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Bakı” komandası bu gün ilk yoxlama matçını keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəqib I divizionda yer alan Qusar "Şahdağ”ı olub.
Görüş "Bakı"nın qələbəsi ilə yekunlaşıb. Hesabı ilk yarıda Risto Ristoviç açıb. İkinci yarıda cərimə meydançası daxilində Elmin Əsgərliyə qarşı kobudluğa görə təyin olunmuş penaltini Elvin Əliyev dəqiq tamamlayıb. Qusar təmsilçisi 69-cu dəqiqədə penaltidən hesab arasındakı fərqi azaldıb. Bununla belə, 78-ci dəqiqədə Elmin Əsgərli sol cinahdan verilən ötürməni rahatlayıb tora qovuşdurub – 3:1.
"Bakı”nın start heyətində 3 legioner meydana çıxıb. Bunlar Yure Travner, Mario Horvat və Risto Ristoviçdir. Yerli oyunçulardan ən təcrübəlisi Şəhriyar Əliyev, qalan futbolçular isə Elxan Əhmədov (qapıçı), Vüqar Bəybalayev, Vüqar Mustafayev, Elton Hüseynov, Raul Yaqubov, Namiq Ələsgərov və Tural Qürbətov olub.
Qeyd edək ki, "Bakı” növbəti yoxlama matçını iyulun 30-da elə öz təlim-məşq bazasının stadionunda "Zirə”yə qarşı keçirəcək.