Bu gün Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" və Fransanın "Lill" komandaları cavab oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın yeganə qolunun müəllifi Filip Ozobiç olub. Fransada keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alındığından matçın 34-cü dəqiqəsində vurulan qol Roman Qriqorçukun rəhbərlik etdiyi komandanı Avropa Liqasının pley-off mərhələsinə daşıyıb. Bu, "Qəbələ"nin ardıcıl ikinci mövsüm Avroliqada "pley-off"a vəsiqəsi olub.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatması sabah keçiriləcək. Növbəti mərhələni keçəcəyi təqdirdə, "Qəbələ" yenidən qrup mərhələsində çıxış edəcək.
Avropa Liqası, III təsnifat mərhələsi, Cavab oyunu
21:00. "Qəbələ” - "Lill” (Fransa) - 1:0
Qol: Filip Ozobiç, 34
Baş hakim: Aleksey Yeskov (Rusiya)
Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)
Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)
Bakı. "Bakcell Arena” stadionu
İlk oyun – 1:1