"Qəbələ" və "GoSport Baku” birlikdə daha bir layihəyə imza atıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar”ın məşqçi heyəti və futbolçular ötən mövsüm UEFA Avropa Liqası zamanı "Port Baku Mall”da yerləşən "Go Sport” mağazasında azarkeşlər və media nümayəndələri ilə görüşmüşdüsə, bu dəfə tədbir Bakının ən böyük idman mağazası olan "Gənclik Mall”da yerləşən "Go Sport” mağazasında baş tutub.
Avropa Liqasının pley-off mərhələsinin "Qəbələ" - "Maribor" (Sloveniya) oyunu ərəfəsində baş tutan görüşdə baş məşqçi Roman Qriqorçuk, komandanın kapitanı Rəşad Sadiqov, bu yay transfer olunan legionerlər - Teo Uiks və Baqali Dabo iştirak ediblər. Görüş zamanı mağazada təşkil olunan klubumuzun rəsmi forma və aksessuarlarının satış nöqtəsi - "Gabala Korner"in təqdimetmə mərasimi keçirilib. Ardınca isə azarkeşlər və futbolçular arasında maraqlı müsabiqələr – "Play Station” turniri və masaüstü futbol yarışı baş tutub.
Azarkeşlərlə futbolçuların qatıldığı yarışların qalibləri mükafatlandırılıb. Böyük marağa səbəb olan tədbirdə azarkeşlər baş məşqçi və futbolçularla xatirə şəkilləri çəkdiriblər.