Azərbaycan Avropa Liqasında təmsilçiləri olan "Qarabağ"la "Qəbələ"nin qrup mərhələsində rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu "Fiorentina", PAOK, "Slovan", Qəbələnin eyniadlı təmsilçisi "Anderlext", "Sent-Etyen", "Maynts"la bir qrupa düşüb. Bununla da İtaliya, Yunanıstan, Çexiya, Belçika, Fransa və Almaniya təmsilçiləri Bakıya gələcəklər.
Qruplara nəzər yetirəndə, ilk diqqəti çəkan məqam yerdəyişməylə bağlıdır. Yəni "Sent-Etyen"lə "Anderlext" əvvəlki illərdə "Qarabağ"la bir qrupa düşmüşdülərsə, bu dəfə "Qəbələ"yə rəqib olublar. Əvəzində ötən mövsüm "Qəbələ" ilə eyni qrupda çıxış edən PAOK bu dəfə "Qarabağ"ın rəqibi olub. Digər 3 komanda - "Fiorentina", "Slovan" və "Maynts" isə ilk dəfə Azərbaycan klubları ilə qarşılaşacaqlar.
"Fiorentina" klublarımıza avrokuboklarda rəqib olan 2-ci İtaliya təmsilçisi olub. İlk isə "İnter"dir. Milan təmsilçisi 2012-ci ildə "Neftçi", 2014-cü ildə "Qarabağ"la Avropa Liqasında bir qrupda çıxış edib. Klublarımız bu 4 oyunda qələbə üzünə həsrət qalıb - 2 heç-heçə, 2 məğlubiyyət.
Azərbaycan və Yunanıstan klublarının indiyədək 6 görüşünün hamısının heç-heçə olması diqqət çəkir. Sadəcə, təsnifat mərhələsində "Asteras" "İnter"ə oyunsonrası penaltilər seriyasında, "Qəbələ" "Panatinaikos"a səfər qolu ilə qalib gəlib. "Qırmızı-qaralar"ın qrupda ilk rəqibi məhz PAOK olub. Saloniki təmsilçisi ilə matçlarda hesab açılmayıb.
"Qarabağ" cari mövsümdə artıq bir dəfə Çexiya klubu ilə qarşılaşıb. Bu, Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya" ilə heç-heçə nəticələnən dueldir - səfərdə 0:0, evdə 1:1. Qurban Qurbanovun komandası evdə buraxdığı qolla turnirdən kənarda qalıb. Klublarımız indiyədək Çexiya klubları - "Yablonets" və "Slaviya" (2 dəfə) ilə mübarizələrdə uduzub.
"Anderlext" artıq 3-cü klubumuza rəqib olub. Bu, "Neftçi" və "Qarabağ"dan sonra "Qəbələ"dir. "Anderlext", təmsilçilərimizə evdə qalib gəlib, səfərdə uduzub. Özü də Tofiq Bəhramov adına Respublika stadionundakı məğlubiyyətlər 0:1 hesabı ilə olub. "Qarabağ" Avropa Liqasında "Brügge" ilə mübarizədə uduzubsa, "Neftçi" İntertoto kubokunda "Jerminal"ı mübarizədən kənarlaşdırıb.
PAOK kimi "Sent-Etyen də Azərbaycanın 2-ci klubu ilə qrupda görüşəcək. "Qarabağ"ın qrupda ilk rəqibi kimi tarixə düşən "Sent-Etyen" səfərdə qolsuz, evdə 1:1 hesablı heç-heçə edib. Bizimlə görüşən ilk Fransa təmsilçisi isə 1999-cu ildə "Qarabağ"a İntertoto kubokunda rəqib olan, hər 2 oyunda böyük hesabla qalib gələn "Monpelye" olub. "Qəbələ" isə cari mövsümdə III təsnifat mərhələsində "Lill"ı mübarizədən kənarlaşdırmaqla fransızlardan üstün olan ilk klubumuz olub.
"Maynts" klublarımızla avrokuboklarda qarşılaşacaq 3-cü Almaniya təmsilçisi olacaq. Dortmund "Borussiya"sı ilə Frankfurt "Ayntraxt"ının bizimlə duelləri də Avropa Liqasında olub. Özü də "Borussiya" həm "Qarabağ"a, həm "Qəbələ"yə rəqib olub və bütün matçlarda qalib gəlib. "Ayntraxt" isə 2013-cü ildə "Qarabağ"ı qrupa qoymayıb.