1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"la "Qəbələ" məğlubedilməz deyillər" - MÜSAHİBƏ
"Zirə”nin futbolçusu Cavid Tağıyevin Sportnet.az-a müsahibəsi
- İlk olaraq "Kəpəz"lə səfər matçı haqda fikirlərini bildirərdin...
- Bilirdik ki, bizi "Kəpəz”lə çətin oyun gözləyir. Çünki Gəncə səfərləri heç vaxt asan keçməyib. Doğrusu, bu oyuna üç xal qazanmaq üçün hazırlaşmışdıq. Heç bərabərlik haqda da düşünmürdük.
- Bəs niyə məğlub oldunuz?
- Matçın ilk dəqiqələrindən bacardığımız qədər yaxşı mübarizə aparmağa çalışdıq. Təəssüf ki, oyunumuz alınmadı. Neynəmək olar? Qismət belə imiş. Hələ heç nə bitməyib, qarşıda çox oyunlarımız var. Çalışacağıq ki, həmin matçlarda bu məğlubiyyəti unutduraq.
- Komandanın oyununun alınmamasıni baş məşqçiniz Adil Şükürov da mətbuat konfransında bildirdi...
- Baş məşqçi qıraqdan hər şeyi yaxşı görür. Elə deyibsə, deməli, pis oynamışıq.
- Pis oynamağınıza səbəb nə idi? Rəqib çox güclü idi?
- Yox, "Kəpəz”i bizdən güclü adlandırmazdım. Sadəcə, əllərinə düşən fürsətlərdən yaxşı istifadə etdilər. Həm də azarkeş amili çox rol oynadı.
- Yeni komandana uyğunlaşa bilmisənmi?
- İlk gündən "Zirə”yə adaptasiya baxımından heç bir çətinliyim olmadı. Həm futbolçular, həm də məşqçilərlə əvvəllər də yaxşı münasibətim olub.
- Məğlub olsanız da, "Kəpəz”lə oyunda "Zirə”nin heyətində ən yaxşılardan idin.
- İstəməzdim ki, özümü fərqləndirim. Məğlub olmuşuqsa, komanda şəkilində məğlub olmuşuq. Demək, hər birimizin səhvi olub.
- Növbəti turda keçmiş komandan "Qarabağ”a qarşı oynayacaqsınız...
- Bəli, bizi Premyer Liqanın ən güclü komandalarından biri ilə oyun gözləyir. Ona görə də "Kəpəz”lə oyunu unudub, bütün diqqətimizi "Qarabağ”la qarşılamaya yönəldəcəyik. Əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq.
- Demək olarmı, "Qarabağ” və "Qəbələ” çempionatımızın məğlubedilməzləridir?
- Yox, mən belə düşünmürəm. Yəqin ki, bu tur qeydə alınan nəticələrə görə deyirsiniz. Futbolda hər zaman sürprizlərə hazır olmalısan. Ona görə də nə "Neftçi”nin, nə də AZAL-ın zəif komanda olduğunu deyərdim. Sadəcə, bəzən hansısa komandanın oyunu alınmır və ağıllı rəqib bundan maksimum istifadə edir.
- Yəni son turda "Qarabağ” və "Qəbələ”nin böyük hesablı qələbələri təsadüfi idi?
- Hər iki komanda çempionatımızda öz sözünü deyib və qüvvələri hamıya məlumdur. Amma indidən nəsə demək düzgün deyil. Çempionatın sonunu gözləmək lazımdır. Qarşıda hələ uzun marafon var. Sonda hər şey daha maraqlı olacaq. Sözün düzü, "Neftçi”nin 0:8 hesabı ilə məğub olacağını gözləməzdim. Hər halda, onlara gələcəkdə uğurlar arzulayıram.
- Qayıdaq yeni komandana. Səncə, "Zirə” bu mövsüm də çempionatda iddialı ola biləcəkmi? Nəzərə alsaq ki, komandada bəzi dəyişikliklər oldu və bəzi lider futbolçular düşərgəni tərk etdi....
- Biz "Zirə” üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düzdür, mən də daxil olmaqla komandada yeni futbolçular çoxdu. Bəzən çatışmamazlıqlar özünü göstərir. Amma inanıram ki, getdikcə daha yaxşı olacaq və "Zirə” yenə də yuxarı pillələr uğrunda mübarizə aparacaq.
Ergün SEYİD