Azərbaycan UEFA-nın reytinq cədvəlində hesabına növbəti 0.250 xalı yazıb. Sportnet.az-ın məlumatına görə, bu, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda Çexiyanın "Slovan" klubu ilə "Dalğa Arena"da 2:2 hesabı ilə nəticələnən oyunundan sonra olub.
Nəticədə UEFA-da klub əmsalımız 16.750-a çatıb. "Qəbələ" qrupda ilk turda səfərdə "Anderlext"ə 1:3 hesabı ilə uduzduğundan ölkəmizin aktivinə xal yazdıra bilməyib.
Reytinq sıralamasında 25-ci olan Azərbaycandan Kiprdən cəmi 0.200 xal geri qalır. Ölkəmizi 1 pillə qabaqlayan İsraillə xal fərqimiz isə 0,375-dir. Təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə 0,125 xal verilirdisə, qrup mərhələsində bu əmsalllar 2 dəfə çox olur.
Qeyd edək ki, ölkəmizə bu mövsüm ən çox xalı "Qəbələ" qazandırıb - 1.375. "Qarabağ"ın hesabında 1.125 xal var. "Neftçi" ilə "Kəpəz" hərəyə 0.375 xal toplayıblar.