Çoxdandır Gəncədə oyunda olmurdum. Peşəkar Futbol Liqasının jurnalistlər üçün təşkil etdiyi səfər çərçivəsində "Kəpəz" - "Qarabağ” matçında olduq. Nizami yurduna ilk işgüzar səfərimdən 14 il il keçsə də, Gəncə şəhər stadioninda olmaq məni nostalji hisslərə apardı. Həmin vaxt jurnalistikada ilk ilim idi və Gəncəyə ilk səfərim məhz bu komandaların qarşılaşmasına təsadüf etmişdi. Sadəcə, fərq ondadır ki, onda Qarabağ” "Qarabağ-Azərsun” adlanırdı və baş məşqçisi indi "Kəpəz”i çalışdıran Şahin Diniyev idi. Başa çatmayan 2001/02 mövsümündə "altılığ”ın ilk turlarında, 2002-ci ilin aprelin 6-da keçirilən həmin matç gəncəlilərin böyükhesablı qələbəsi ilə nəticələnmişdi.
Orxanın sürəti, Darionun ustalığı
Tale elə gətirdi ki, "Kəpəz” məhz həmin 3:0-dən sonra artıq 14 ildir öz meydanında "Qarabağ”a qalib gələ bilmir. Əslində, elə Şahin Diniyev buna son qoymağa yaxın olsa da, Azərbaycan milli çempionatının ən çox qol vuran braziliyalı futbolçusu adına sahib çıxan Reynaldo Silva buna imkan vermədi.
Budəfəki oyunun gərgin, maraqlı, "Qarabağ” üçün çətin keçəcəyini gözləyirdim və bunu hələ qarşılaşmadan öncə "CBC Sport”da canlı yayımda fikirlərimdə bildirmişdim. Zənnim məni yanıltmadı və Qurban Qurbanovun komandası ötən çempionatda 4 oyunun hamısı məğlub etdiyi "Kəpəz”dən bu dəfə 3 xal ala bilmədi. Şahin Diniyevin komandasının etdiyi heç-heçəni təsadüfi adlandırmaq düzgün olmazdı. Ən azı ona görə ki, oyunda hesabı açan tərəf məhz gəncəlilər oldu. "Qarabağ” oyunda daha çox hücum edən tərəf olsa da, sonda məğlubiyyətdən qurtulası oldu. "Kəpəz”in isə Premyer Liqada son 3 mövsümün qalibi qarşısında inamlı təsir bağışlaması qeyd olunmalıdır. Mənin üçün ötənilki komanda bundan güclü idi, ancaq fakt odur ki, Ağdam təmsilçisi heç bir oyunda xal ala bilməmişdi.
Bu dəfə isə artıq startda tam fərqli mənzərə oldu. Ötən mövsümün böyük hissəsini zədə üzündən boşa verməli olan braziliyalı yarımmüdafiəçi Dario Federiko öz sözünü dedi. "Kəpəz”in legionerinin vurduğu qolda ilk növbədə ustalıq səviyyəsini qeyd etmək lazımdır. "Çərçivə”yə dərhal zərbə vurmayan Dario topu sağ ayağına sola keçirdi və onu dəqiq zərbə ilə tora qovuşdurdu.
Hazırkı məqamda o, həqiqətən də "Kəpəz” üçün çox faydalı futbolçudur, komandanı arxasınca daşıyan liderdir. Fedetikonun həmyerlisi Junior Osvaldonun bir oyun qurucusu kimi yeri isə görünür. Şahin Diniyev həmin mövqedə, tək hücumçu Julien Ebahın arxasında Orxan Əliyevi oynatsa da, fikrimcə, bu, daha çox məcburiyyətdəndir. Mənə görə Orxana cinahdan hücuma dəstək mənasında oynamaq daha rahatdır. Əliyevin əvəzlənməsi 90 dəqiqəyə çatdırmağına işarədir. Ancaq məhz Orxanın sürətli keçiddən sonra məhsuldar ötürmə müəllifi olduğunu nəzərə alsaq, oyunu yaxşı keçirdiyini deyə bilərik.
"Kəpəz” Budaq Nəsirovun yoxluğunu isə hiss etdirmədi. Dayaq yarımmüdafiəçisi kimi meydanda "qara iş” görən Vüqar Bəybalayev inamlı təsir bağışlayaraq Budağı layiqincə əvəzlədi. Düşünürəm ki, Kəpəz”in əsas mərkəz müdafiəçilərindən olan Şəhriyar Əliyevin ilk hissədə zədə üzündən məcburi əvəzlənməsi də oyuna öz təsirini göstərdi. Azad Kərimov ümumilikdə pis təsir bağışlamasa da, oyun praktikasının azlığı öz sözünü deyir. Onu da unutmayaq ki, rəqibin hesabı bərabərləşdirdiyi epizodda qol mərkəzdən vuruldu.
Qurban Qurbanovun dəyişiklərinin rolu
"Qarabağ” Avropa Liqası oyunu öncəsi "Kəpəz”lə matça döyüşkən heyətlə çıxsa da, bu, qələbə üçün yetərli olmadı. Qonaqlar oyunda ərazi üstünlüyündən maksimum istifadə edə bilmədilər. Hesab edirəm ki, oyunun həlledici məqamı Qurban Qurbanovun birdən etdiyi iki əvəzləmə və taktiki dəyişiklər oldu. Əfran İsmayılov mərkəz hücumçusu, hələ də ümidləri doğrultmayan Dino Ndlovunu əvəzlədi. Belə olan halda, Reynaldo sol cinahdan hücumun mərkəzinə keçdi və artıq neçəndi dəfədir bu mövqedə öz sözünü dedi. Düzdür, Silva cinahda da oynasa bilir, amma onun mərkəz hücumçusu kimi daha faydalı olduğunu düşünürəm. Ona ötürməni verən isə məhz Əfran idi.
"Kəpəz" azarkeşləri yenə ön planda və stadionla bağlı zəruri işlər
Oyuna rəng qatan amillərdən biri yerli azarkeşlərdir. Gəncəli azarkeşlər həmişə olduğu kimi, doğma komandalarına stadionda güclü dəstək olur, 90 dəqiqə durmadan çılğın şəkildə dəstəkləyirdilər. Düzdür, arena bu dəfə tam dolmasa, tamaşaçı sayında rekord olmasa da, fanatlar tribunalarda özlərini hiss etdirirdilər. Gəncə stadionuna dolu tribunalar yaraşır və bu, hələ başqa komanadaların oyununda da müşahidə olunur. 2005-ci ildə olduğum "Neftçi” – "Xəzər Lənkəran” "Qızıl oyun”unda 25 minlik tamaşaşı sayı buna bariz nümunədir və həmin mənzərə hələ də gözümün qabağındadır. Sadəcə, hələ SSRİ çempionatında oyunları qəbul edən bu stadionun köhnə görkəmdən çıxmasına, böyük yenidənqurma işlərinə böyük ehtiyac var.
Düzdür, "Kəpəz”in rənginə uyğun sarı-göy plastik oturacaqlar qoyulmağa başlayıb, amma bu, yalnız işin başlanğıcıdır və hələ görüləsi işlər var. Stadionun bütövlükdə əl gəzdirlməsinə, "köhnə cild"indən çıxmasına böyük zərurət var. Hesab edirəm ki, indiki dövrdə daha çox infrastruktura diqqət yetirilməsi zəruridir. Elə oyunu fəxri tribunada gözlənilməz qonaq olan AFFA-nın sabiq baş katibi Fuda Əsədovla birgə izləyən Gəncə şəhər icra başçısı Elmar Vəliyevin klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu ilə stadionla bağlı apardığı fikir mübadilələri şəhər rəhbərliyinin bu məsələnin həllində maraqlı olmasının göstəricisidir. Yeri gəlmişkən, Gəncəyə ezam olunan jurnalıistlər Elmar Vəliyevdən oyunla bağlı fikirlərini öyrənmək istəsə də, "mən azarkeşəm, oyuna baxıram” deyərək Mikayıl müəllimi işarə etməklə onun danışmalı olduğunu daha məqsədəuyğun saydı.
Fevralın 12-ni gözləyək...
Bəli, Gəncədəki oyun içtirakçılarına hərəyə 1 qolla hərəyə 1 xal qazandırdı. "Kəpəz” üçün 14 illik tilsim qırılmasa da, bu dəfə uduzmamaları, ən əsası, inamlı təsir bağışlamaları qələbə istəklərinə tezliklə çatacaqlarına böyük inam yaradır. Hər halda, davam edən hər bir statistika nə vaxtsa onun qırılması üçündür. Bunun üçün "Kəpəz” "Qarabağ”la növbəti – XVIII turun fevralın 12-də keçiriləcək oyununu gözləməlidir.
"Qarabağ”ı isə qarşıda daha 2 çətin səfər sınağı gözləyir. Əvvəlcə Avropa Liqasının qrupunda rəqib meydanında ilk qarşılaşma – İtaliyada "Fiorentina” ilə matç, ardından çempionluq uğrunda əsas rəqibi olan "Qəbələ” ilə onun meydanında görüş. Roman Qriqorçukun komandası "Qarabağ”ın büdrəməsindən istifadə edərək onu artıq 3 xal qabaqlayır. Əsas rəqibi üzərində qələbə isə xal fərqinin daha da artaraq çempionluq yolunda böyük üstünlük qazanılması demək olacaq. İlk dövrə hələ həmin vaxt yekunlaşsa belə...
Mehman SÜLEYMANOV